15 dekabr tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Xarici kvalifikasiyalar, qeyri-formal və informal təhsilin tanınması” mövzusunda beynəlxalq forum təşkil olunub. 

  
Forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların həmçinin, qeyri-formal və informal təhsil yolu ilə qazanılmış bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də post-pandemiya dövründə bu sahədə baş verən yeniliklərin, tətbiq olunan yanaşmaların müzakirəsini təşkil etməkdir. 

  
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, yerli ali təhsil müəssisələrinin rəhbərləri və digər  səlahiyyətli nümayəndələr iştirak ediblər. Qonaqlar arasında həmçinin, Gürcüstan, Qazaxıstan, Almaniya, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Krallığının sahə üzrə səlahiyyətli təşkilatlarının rəhbərləri və ekspertlər də yer alıb. 
  

Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və əlaqəli sahədə bu günə kimi görülmüş işlər barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb. 
  

Proqram daha sonra elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışı ilə davam edib. Nazir müavini istər xarici ali təhsil, istər qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb. 
  

Ardınca müvafiq olaraq Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya və Fransadan olan spikerlər növbə ilə çıxış edərək əlaqəli mövzuda təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar. 
  

Tədbirin ikinci hissəsi, əsasən, mövzu ətrafında geniş panel müzakirəsinin təşkilindən ibarət olub. 
  

Qeyd edək ki, sözügedən forum kvalifikasiyaların tanınması sahəsində keyfiyyətli mühitin formalaşdırılmasına öz töhfəsini verəcək, habelə ölkəmizdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsini geniş auditoriyaya çatdıracaq.