Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatı ilə birgə “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı konfrans keçirilib.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev deyib ki, bir neçə gün öncə ümummilli lider Heydər Əliyev anım gününü qeyd etdik, gələn il isə Ulu Öndərin anadan olmasının 100 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd olunacaq. O diqqətə çatdırıb ki, “Heydər Əliyev İli” ilə bağlı ADPU-nun tədbirlər planı da təsdiq olunub və plana uyğun olaraq universitetdə, onun filiallarında silsilə tədbirlər keçiriləcək.

 

Prorektor vurğulayıb ki, elm və təhsilə, xüsusən müəllimlik peşəsinə böyük önəm verən Heydər Əliyev 5 dəfə Pedaqoji Universitetdə olub. “Bu gün də Heydər Əliyevin müəllimliklə, məktəblə bağlı tövsiyələri əsasında təhsilin inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl siyasət həyata keçirilir, ən ucqar bölgələrdə belə yeni tipli təhsil müəssisələri yaradılır. Yeni məktəblər həm də yeni şüurlu müəllimlər tələb edir. Biz bu istiqamətdə var gücümüzlə çalışırıq və aparılan sistemli işlərin nəticəsində bu gün müəllimlik peşəsinin nüfuzu yenidən artıb. Artıq pedaqoji ixtisasların qəbul balları digər prestijli ixtisasları üstələyir. Cari ildə ADPU-nun qəbul planı tamamilə dolub”-deyə professor F.Rzayev vurğulayıb.

 

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı bildirib ki, təşkilat davamçılıq prinsiplərini əsas götürərək Ulu Öndərin 100 illiyi münasibəti ilə növbəti il ərzində “100 il” kampaniyasını icra edəcək.

 

Daha sonra Heydər Əliyevin gənclər siyasəti sahəsindəki fəaliyyətindən danışan N.Allahyarlı qeyd edib ki, məhz Ümummilli Lider tərəfindən yaradılan Gənclər və İdman Nazirliyinin fəaliyyəti, gənclər forumlarının keçirilməsi, Prezident İlham Əliyev tərəfindən təsis edilən MDB məkanında analoqu olmayan Gənclər Fondu, gənclər və idman hərəkatının, elm və təhsilin inkişafı sahəsində icra olunan dövlət proqramları öz layiqli bəhrəsini verir:”Bu gün Şuşa-Xankəndi yolunda ölkəmizə qarşı ekoloji və mina terroruna etiraz edən yüzlərlə gənc məhz bu siyasi irsin və milli siyasətin yetirmələridir”.

 

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə də çıxış edib. “Hər şeydən əvvəl hər bir gənc bilməlidir ki, Heydər Əliyev kimi ümumbəşəri dühanı yetişdirən məhz Azərbaycan xalqıdır...Onun iradəsi ilə 70-ci illərdə Azərbaycanda 6 universitet, hərbi lisey, yüzlərlə orta məktəb fəaliyyətə başladı”-deyən millət vəkilinin sözlərinə görə Ümummilli Liderin milli  idarəçilik fəlsəfəsi bugünkü uğurlarımızın, böyük Zəfərimizin təməlini qoydu.

 

Daha sonra konfrans tələbələrin sualları ətrafında müzakirələrlə davam edib.