Bakı şəhər məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlər təlimlərə cəlb olunub


Dekabrın ilk günlərindən başlayaraq Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə təlimlər keçirilir. Tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədi ilə təşkil edilən təlimlərdə 10 modul əhatə olunub. Onların inklüziv təhsil, guşələrlə iş və resursların hazırlanması, kurikulum, proqram və  məşğələlərin təşkili, ilkin tibbi yardım, əldə olan resurslardan kuklaların düzəldilməsi və başqa modullar əsasında işləmək bacarıqları artırılır.

 

Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Gülnar Məmmədrza “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, təlimlər hazırda Bakı şəhər məktəbəqədər təhsil müəssisələrində uzun müddətdir çalışan tərbiyəçi müəllimləri əhatə edir. Bu ayın sonunda təlimlər başa çatacaq və nəticədə 3000 metodist, tərbiyəçi-müəllim təlimləndiriləcək.

 

“Öz təcrübəmdə faydasını görəcəyimi düşünürəm”

 

Artıq 2000-ə yaxın tərbiyəçi-müəllim üçün proses başa çatıb. Onlardan biri də 98 nömrəli Körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim İlhamə Rzayevadır. O, düz 24 ildir ki, tərbiyəçi-müəllim işləyir. 2016-cı ilə kimi fəaliyyət göstərmiş Bakı Məktəbəqədər Pedaqoji Texnikumundan  məzun olub. İ.Rzayeva hesab edir ki, təlimlər səmərəli keçib: “Uşaqlarla işləmək çox maraqlıdır. Təbii ki, iş prosesində insan hər gün uşaqları bir az da yaxşı tanıyır. Buna baxmayaraq, hər yeni uşaq bir yeni təcrübə olur. Nə qədər təcrübəli də olsan, hər gün müxtəlif hadisələr, situasiyalar içərisində uşaqların yeni keyfiyyətini, xarakterini, davranışını müşahidə edirsən və çoxuna da təəccüblənirsən. Təlimlərdə qarşımıza çıxan müxtəlif situasiyalarda bizdən tələb olunanlar və həmin tələblər çərçivəsində bizim edə biləcəklərimizə yenidən nəzər salmaq imkanımız oldu. Ən əsası, bildiyimiz məsələlərə yeni və müasir yanaşmalarla tanış olduq.

 

Üstəlik, müasir yanaşmalara informasiya texnologiyalarının tətbiqi ilə nəzər saldıq. Təlimlərdə tanış olduğumuz texnologiyaları, yanaşmaları gündəlik işdə tətbiq etmək bacarıqlarımız formalaşdı. Düzü, bir həftədə bu qədər çox şey öyrənməyin mümkün olduğuna inanmırdım. Amma yanılmışam. Əminəm ki, bu həftəni başa çatdırıb işə qayıdanda tətbiq edəcəyim çoxlu yeniliklər olacaq. Mən qrupla işləyirəm. Qrupla işə müasir yanaşmayla tanış olmaq xüsusilə maraqlı oldu. Öz təcrübəmdə bunun faydasını görəcəyimi düşünürəm”.

 

“Bildiklərimizi təkmilləşdirdik”

 

Xəyalə Quliyeva isə 7 ildir 281 nömrəli uşaq bağçasında işləyir. Azərbaycan Dövlət Pedaqoji Universitetini  “Məktəbəqədər təhsil” ixtisası üzrə bitirib: “Doğru bildiyimiz yanlışlar vardı. Onları düzəldəcəyəm, təbii ki. Bildiklərimizi təkmilləşdirdik, amma bilmədiklərimiz daha çoxdur. Bu da ondan irəli gəlir ki, son illərdə böyük dəyişikliklər baş verib. Bir neçə gündə nə qədər çox yeni məlumatlar əldə etmişik. Elm və Təhsil Nazirliyinə çox təşəkkür edirəm bu təlimlərə görə. Məsələn, elə ən böyük təşəkkür inklüziv qrupla işləyərkən diqqət etməli olduğumuz məqamlara qarşı bizi hazırladıqlarına görə düşür. Qrupumda indiyədək əlilliyi olan uşaq olmayıb. Burada özümü belə uşaqlarla işləyirəmmiş kimi hiss etdim. Özümü əlil uşağı olan valideyn, əlilliyi olan körpə, əlilliyə münasibətinə göz gəzdirməli olan bir cəmiyyətin üzvü kimi hiss etdim. Ən önəmlisi, tərbiyəçi-müəllim olaraq belə uşaqla qarşılaşanda necə rəftar eləməyi öyrəndim. Özü də, sadəcə uşaqla yox, həm də onun valideyni ilə. Sən demə, bu, tərbiyəçi-müəllimlər üçün böyük bir sınaqdır. Bundan başqa, qrupumun həmin uşağa qarşı münasibətini necə tənzimləməliyəm, valideynlə necə danışmalıyam və başqa bu kimi çoxsaylı suallar qarşısında artıq çarəsiz qalmayacağımı düşünürəm”.

 

 

 

“Bu yolla qrupuma qatılan uşağın yeni mühitə daha sürətlə alışmasını təmin edə bilərəm”

 

Kəmalə Qəniyeva 167 nömrəli uşaq bağçasında artıq 10 ilə yaxındır ki, tərbiyəçi müəllimdir. M.Ə.Sabir adına Pedaqoji Texnikumun (indiki Azərbaycan Dövlət Pedaqoji Kolleci - red.) məzunudur: “Təlimçilərimizdən biri bizə dedi ki, uşaqların təfəkkürünü inkişaf etdirmək lazımdır. Dəqiq rəqəm, söz öyrətməkdənsə, onları cümlə qurmağa, fikir yürütməyə həvəsləndirmək, düşünməyə vadar etmək lazımdır. Əşyanı verib onun üzərində danışmağını, gördüyünə dair cümlələr qurmağı təlqin etməliyik. Bu fikir mənim çox xoşuma gəldi. Daha bir xoşuma gələn yenilik komandalarla işə yanaşmanın dəyişməsidir. Mən də müşahidə edirdim ki, uşaqları komandalara ayırarkən əldə etdiyim nəticə uğurlu olmur. Komandalarda uşaqlardan biri işləyir, suallara cavab verir, qalanları baxır, kənarda qalırlar. Təlimçimiz də dedi ki, hər kəs özünə cavabdeh olanda rəqabət mühiti yaranır, “o dedi, mən də deyim”, “o 5 aldı, mən qaldım”, deyə düşünürlər. Bunu təlimçimiz deyəndə ürəyimdən oldu. İşə qayıdandan sonra daha komandalarla işləməyəcəyəm, fərdi qaydada məşğul olacaq, hər birinə fərdi yanaşacağam. Kuklalarla işləməyi öyrənmək də iş prosesində mənə çox faydalı olacaq. Əlimizin altındakı ən adi şeylərdən, rəngli kağızlardan, hətta sadə bir corabdan heyvanların, ümumiyyətlə, canlıların kuklasını yaradıb onların hərəkətini göstərməyi öyrəndim. Bunun bağçaya yeni gələn uşaqları cəlb etməkdə xüsusilə faydalı olacağını düşünürəm. Yeni uşaqları da bu yolla təqdim edə bilərəm. Tərbiyəçinin özünün yaratdığı bu kiçik obrazla körpələrin dialoq qurması nəinki çətin, əksinə maraqlı olur. Bu yolla qrupuma qatılan uşağın yeni mühitə daha sürətlə alışmasını təmin edə bilərəm”.

 

 

 

“Sevdiyimiz işləri necə zənginləşdirəcəyimi öyrəndim”

 

Tahirə Həsənova Pirallahıdakı “Cırtdan”  uşaq bağçasında 1986-cı ildən tərbiyəçi müəllimdir. Orta təhsillidir. Nizami rayonunda yerləşən 70 nömrəli tam orta məktəbin məzunudur: “Tərbiyəçi köməkçisi vəzifəsində işə başlamışam. Uşaqlarla işləyərək öyrəndim hər şeyi. Pillə-pillə yüksəlib tərbiyəçi-müəllim oldum. Uşaqları çox sevirdim. İş prosesində sevgim də artdı, təcrübəm də. Tərbiyəçi-müəllim olmağı körpələrlə iş prosesində öyrəndim”.

 

Fəaliyyətində onu çətinə salan hadisələr az olub: “Uşaqları elə sevirəm ki, onları ələ almaq, münasibət qurmaqda çətinliyim olmur. Ən böyük çətinliyim indiyədək, sadəcə bağçaya yeni gələn körpələri valideynindən ayırarkən, yeni mühitə alışdırmaqda olub. Bu zaman valideynlərlə işə xüsusilə önəm verirəm. Uşağın bağça mühitinə tez adaptasiya olması, başqa uşaqlarla münasibət qura bilməsi üçün bu, önəmlidir. Ona görə də hər zaman valideyni də prosesə cəlb etmişəm, onunla işin səmərəsini görmüşəm”.

 

Tahirə müəllim körpələrlə aplikasiyalar hazırlamağı çox sevir: “Kəsib yapışdırmaq ən çox sevdiyim işdir. Uşaqlar bu işi çox sevirlər. Bu zaman onların necə maraqla işlədiklərini görə bilirəm. Balacaların ən çox xoşuna gələn işlərdən biri də idman dəqiqələridir. Həmin dəqiqələrdə təyyarələrlə oyun keçirirəm, dağınıq qaçış edirik. Düzü, bu təlimlərdə sevdiyimiz işləri necə zənginləşdirəcəyimi öyrəndim”.

 

Tahirə müəllim təlimlərdə çox yeniliklə qarşılaşdığını deyir: “Öyrənmək həmişə maraqlıdır. İş içindən iş çıxır və hər gün düşünürəm ki, işə tez qayıtsaydım, gördüklərimi, öyrəndiklərimi tətbiq edərdim. Məsələn, corabdan kukla düzəltdik və mən bu corab kuklanı uşaqlarım üçün düzəltməyə elə tələsirəm ki. Düzdür, yayda uşaqların açıq ayaqlarında şəkil çəkir, xüsusən dizlərində insan və ya canlının başını yaradırdıq. Bu, onlar üçün çox maraqlı olurdu. Bundan başqa, qrupumda daun sindromlu uşaq var. Onu uşaqlarla birlikdə oynamağa cəlb etmək mümkün olmur, adətən tək oynayır. Təlimlərdə belə uşaqları dərsə cəlb etməyin əyləncəli yolları olduğunu, bunları tətbiq etməyin ən optimal variantlarını öyrəndim”.

 

Ruhiyyə DAŞSALAHLI