Dekabrın 9-da Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimində festivalın qalibləri mükafatlandırılıb. Qeyd edək ki, ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılan SAF-2022-də münsiflər heyətinin qərarına əsasən 43 komanda I, 102 komanda II, 108 komanda III yerə layiq görülüb.

 

“Proqramlaşdırma, marketing və pitching haqqında yüksək təcrübə qazandım”

 

Bakı şəhər 193 nömrəli məktəbi təmsil edən Nicat Muxtarov STEAM ailəsinin üzvü olmaqdan məmnunluq hissi duyduğunu bildirib. SAF-2022 kimi beynəlxalq bir festivalda III yerə layiq görülməyin həyatında gözəl və unudulmaz bir təcrübə olduğunu qeyd edən Nicat öz təəssüratlarından və yarış üçün göstərdiyi fəallığından söz açıb: “Artıq SAF Festivalı Azərbaycanda ikinci dəfədir ki keçirilir. Müxtəlif ölkələrdən, bölgələrdən qatılan yüzlərlə iştirakçı beş gün ərzində çox mükəmməl şəkildə yarışdılar. Burada olduğum müddətdə hər kəsin həvəslə, həyəcanla qalib olmaq uğrunda yüksək motivasiya ilə yarışdığını müşahidə elədim. Mən və digər iki komanda yoldaşım “Hakaton” kateqoriyası üzrə qatılmışdıq. Bizə düzəltmək üçün 2 gün müddət verdilər. Və bu 2 gündə yüksək səviyyədə layihəmizi düzəldib münsiflərə təqdim elədik”.

 

Mükafatlandırılma anı yaxınlaşdıqca hər kəsdə yüksək həyəcan olduğunu deyən Nicat əlavə edib: “Hər bir şəxs hansı komandaların qalib olacağından danışır, təxminlər eləməyə çalışırdılar. Sonuncu gün burada olduğumuz bir neçə saat müddətində artıq yarışlar bitdiyi üçün komandalar bir-birinə rəqib gözü ilə baxmırdılar. 5 gün ərzində bərabər çox gözəl şəkildə əylənir, müxtəlif rəqslər, söhbətlər edir, mahnı oxuyurduq. Nəhayət, “Hakaton” kateqoriyası üzrə qalib komandaların adları çəkiləndə gün boyunca əylənən səs-küylü kateqoriyamızın iştirakçıları bir ağız kimi susub aparıcının sözlərinə diqqətlə qulaq asırdı. Sonra komandamızın III yerə çıxdığını öyrəndik. Bu, bizdə yüksək əhval-ruhiyyə yaratdı. Belə ki, SAF-da keçirdiyim 5 gün mənə proqramlaşdırma, marketing və pitching haqqında yüksək təcrübə qazandırdı”.

 

I olmaqla bizimYaxşıların yaxşısı” olduğumuzun xəbərini aldıq

 

Tofiq Bayramov bu yarışda I olub. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi olan Tofiq yarışda iştirak etmək istədiyini və buna görə də müəllimlərindən məsləhət alaraq qeydiyyatdan keçdiyini deyir: “Burada iştirak etmək mənim hədəflərimdən biri idi. Məktəbimizin yanında STEAM mərkəzinin yerləşməsi bizim çox işimizə yaradı. Komandamızın adını “Fateh” qoyduq. Hər gün dərsdən sonra komanda yoldaşım Əli Ağasiyevlə birlikdə STEAM mərkəzində işləyirdik. Nəticədə mən robotu yığdım, Əli isə həmin robotun kodlaşdırmasını etdi. Seçim turundan keçdikdən sonra da dayanmadıq və birinciliyi almaq bizim məqsədimizə çevrildi. Qalib olmaq üçün hər gün yorulmadan işlədik. Artıq çoxdandır gözlədiyimiz o gün gəlib çatmışdı. İlk yarış günü çox həyəcanlı idi. Birinci yarışacaq komandalar arasında biz də vardıq. Belə ki, yarışdıq və nəticəmiz çox yaxşı oldu. 17 saniyəyə 295 xal yığdıq. Daha sonra biz münsiflər tərəfindən çağırıldıq. Onlar bizdən robotu necə yığdığımızı, ona kodu necə yazdığımızı soruşdular. 2-ci yarış günü bizə yeni iş verildi və həmin iş isə təxminən 4 saat ərzində yeni nöqtələr üçün kod yığmaq oldu, biz bu işin də öhdəsindən 19 saniyədə (tam xal yığaraq) gəldik. Festivalın son günü hər kəs kimi biz də həyəcanlı idik, çünki nəticələrin açıqlanacağını bilirdik. Birinci olacağımızı düşünürdük, düşündüyümüz bizi yanıltmadı. I olmaqla hər şeyin bitdiyini düşünərkən bizim “Yaxşıların yaxşısı” olduğumuzun xəbərini aldıq. Bu xəbər bizdə çox möhtəşəm bir hiss yaşatdı. Sonda cənab nazirimizin bizi müxtəlif hədiyyələrlə təltif etməsi isə bizdə böyük ruh yüksəkliyi yaratdı”.

 

“Gələcəkdə insanın idarə etmədən özü yanğını söndürə bilən uçan yanğınsöndürən maşın düzəltmək istəyirəm”

 

Festivala qoşulan şagirdlərdən biri də Əlisoy Süleymandır. O, Bakı şəhər 113 nömrəli tam orta məktəbin şagirdidir. Süleyman “Canavarlar” qrupunun üzvü olaraq STEAM festivalında “Dream World” kateqoriyası üzrə iştirak etdiyini bildirib: “Komandamızla bərabər ikinci yeri tutduq. Birlikdə əməyimiz sayəsində biz qar təmizləyən robot düzəltdik. Məqsəd yoldakı qarları və buzları təmizləyib insanların rahat və təhlükəsiz hərəkət etmələrini təmin etməkdir. Festival çox yüksək şəkildə təşkil olunub. Biz qalib gələcəyimizə inanırdıq. Bu yarışa çox böyük həvəslə qatıldıq, hazırlaşdıq. Bu yarış məni gələcək planlarıma doğru addımlamağa daha da həvəsləndirib. Bu sahə üzrə daha çox bilgilər əldə edərək beynəlxalq yarışlarda iştirak etməyi düşünürəm. Gələcəkdə robota dönüşə bilən, insanın idarə etmədən özü yanğını söndürə bilən uçan yanğınsöndürən maşın düzəltmək istəyirəm”.

 

“Komandalar yarışdılar, öyrəndilər, əyləndilər”

 

Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdən “Mechatronics” kateqoriyası üzrə yarışa qatılan  “Victory Followers” komandasının mentoru Nübar Qurbanova ilkin olaraq festivalın final mərhələsində iştirak etmək üçün verilən tapşırığa uyğun layihə hazırladıqlarını və qrupunun I yerə layiq görüldüyünü deyib: “Bizim layihəmiz qiymətləndirildi və ölkə üzrə təxminən 100-ə yaxın komanda içərisində bizim komandamız topladığımız bala görə finala 4-cü sırada keçən komandalardan biri oldu. Festivalda 11 kateqoriyadan biri “İnnovativ Sərgi” idi. Digər 10 kateqoriyada isə müvafiq müsabiqələr üzrə yarışlar idi. Həmin kateqoriyalarda finalda da yarışlar təşkil olundu. Bizim komandamızın qoşulduğu “Mechatronics” kateqoriyasında şagirdlər burada 3D, dizayn, çap bacarıqlarından istifadə edərək, eyni zamanda elektronika hissələrini də birləşdirməklə müəyyən layihə hazırlayıb dizayn etdilər. Finala keçdikdən sonra artıq 20 komanda bir-biri ilə yarışırdı. Final tapşırığını elə son gündə elan olundu. Öncəki günlərdə şagirdlərə verilən ləvazimatlar ilə öz-özünə hərəkət edə bilən maşın hazırladılar. Onlar hazırladıqları maşınları müxtəlif maneələrlə qarşılaşdırdılar. Vaxta görə bizim komandamız  sürətli olduğu üçün I yerə layiq görüldü. Rəhbərlik etdiyim komandanın qızıl medalla yarışdan ayrıldığına görə çox şadam. Ümumilikdə festival çox yüksək şəkildə təşkil olunub. Mənim iştirak etdiyim komanda da daxil olmaqla bütün komandalar yarışdılar, öyrəndilər, əyləndilər”.

 

“Birinci yeri tutduğum üçün çox qürurluyam”

 

İnformatika və STEAM fənlərini sevdiyini, 1 ildən çoxdur ki, məktəbdə STEAM dərslərinin keçirildiyini, dərslərə mütəmadi qoşulduğunu bildirən Orxan Şamxalov Şabran şəhər 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. Elə bu fənlərə olan marağı da onu müsabiqə məkanına gətirib çıxarıb. Rəqəmsal dünyaya doğru böyük addım ataraq Beynəlxalq STEAM Azərbaycan Festivalında yarışdığı kateqoriya üzrə I yerə layiq görülüb: “Biz ilk növbədə seçim turuna getdik və”Şabranlı Oğlanlar” komandası olaraq bizim kateqoriyamız “Survivor middle school”da məqsəd budur ki, robot zərərçəkəni təhlükəli zonadan təhlükəsiz zonaya aparmalı, daha sonra öz yerinə qayıtmalıdır. Biz əvvəlcə seçim turunda 21 saniyə maksimum bal ilə VIII yerə çıxdıq. Ondan sonra ümidləndik ki,  festivalda III yeri tutacağıq, buna baxmayaraq biz I olduq. Onu da bildirim ki, biz yarışda çox əyləndik, öyrəndik. Təmsil etdiyim məktəbin digər “1+1” komandası da bürünc medalla təltif olunub. Qalibiyyətimiz üçün bizə daim inanan müəllimlərimə təşəkkür edirəm. Bu beynəlxalq yarışda mən I yeri tutduğum üçün çox qürurluyam. Burda keçirdiyim həyəcanı, sevinci heç vaxt unudan deyiləm”.

 

“STEAM bizə dostluğu, gücü, özünəinamı qazandırdı”

 

Quliyev Məhəmməd festivalda III yeri tutub. O, Xırdalan şəhəri 3 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olaraq iştirak etdiyi “Victory” komandası ilə “Robokids” kateqoriyasında yarışıb. Müəlliminin komanda üzərində böyük əziyyəti olduğunu və STEAM festivalının onun həyatında yeni bir mühit qazandırdığını  vurğulayan Məhəmməd deyir: “Bu festivalda çox yaddaqalan anlar yaşadım. İlk olaraq, müəllimimə güvənərək tam qalib olmaq adına beynəlxalq yarışa qoşuldum. Qalib olmaq üçün gecə-gündüz məşqlər etdik. Burada həm yarışdıq, əyləndik, həm də yeni innovativ bilgilərlə tanış olduq. STEAM bizə dostluğu, gücü, özünəinamı qazandırdı. Nazirimizə bu şəraiti bizə yaratdığı üçün təşəkkür edirəm. Növbəti ildə yenidən özümü bu auditoriyada görməyi arzulayıram”.

 

“Böyük əzm göstərərək bu nailiyyətə imza atdıq”

 

Qalib komandalardan biri Türkiyəni təmsil edir. Müsabiqədə I və eyni zamanda “Yaxşıların yaxşısı” olan 7 nəfərdən ibarət “ENKATECH Seniors” komandası “Vex-V5” kateqoriyası üzrə yarışıb. Komanda iştirakçısı Aslıhan Ertürk qrup olaraq özlərinə inandığını, qalibiyyəti gözlədiyini bildirib: “Biz hər zaman özümüzə inanırdıq və bu inamla hərəkət etdik. Böyük əzm göstərərək bu nailiyyətə imza atdıq. Düşünürəm ki, Türkiyəmizi layiqincə təmsil etdik. Rəqabət güclü olsa da biz uğur əldə etdik. Ona görə bütün komanda yoldaşlarımı təbrik edirəm. 5 gün müddətində çox təntənəli, əyləncəli və rəngarəng bir ortam içində olduq. Bu mühitdə çoxlu dostluq əlaqələri qurduq. Onu qeyd edim ki, bu layihələr bizə yeni biliklər əldə etməyə şərait yaradır, dünyagörüşümüzü artırır”.

 

“Burada maraqlı layihələrlə tanış olur, insanlarla ünsiyyət yaradırsan”

 

Festivalın digər qalib komandası Qazaxıstan dövlətindən olan “New empire” komandasıdır. “Vex İQ” kateqoriyası üzrə yarışan və II yeri əldə edən komandanın iştirakçısı Nazar Baisart bu yarışdan məmnun olduğunu, festivalın həyatına yeni bir rəng qatdığını söyləyib. Nazar Baisart beynəlxalq münasibətlərin daha da irəliləməsində, təhsil sahəsində yeni normativə uyğun təkmilləşmə sisteminin yaranmasında bu layihələrin rolunu yüksək qiymətləndirib. O, eyni zamanda özlərinə göstərilən qayğı və anlayışdan söz açıb: “STEAM çox maraqlı layihədir. Burada yeni növ təhsil sisteminin formaları ilə, maraqlı layihələrlə tanış olur, insanlarla ünsiyyət yaradırsan. Bizə göstərilən diqqətə görə təşkilatçılara təşəkkür edirəm, burada qalib olan hər kəsi təbrik edirəm”.

 

Tünzalə QULİYEVA