ADPU-nun Şəki filialının komandası layihənin kubokunu qazandı


Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.

 

Avropa İttifaqı, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, kampaniyaya cəlb olunmuş təhsil müəssisələri, Milli Məclisin deputatları, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin  iştirakı ilə layihənin bağlanış mərasimi keçirilib.  

 

Layihə çərçivəsində təşkil olunan debat yarışlarında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət komanda birincilik qazanıb və bağlanış mərasiminə dəvət olunub.

 

Bağlanış mərasiminin rəsmi hissəsindən sonra layihənin gedişatını əks etdirən video-hesabat nümayiş olunub, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil edilib.  ADPU-nun Şəki filialının tələbələri finalda da birincilik qazanaraq kuboka sahib olublar.  Eyni zamanda “Ən yaxşı spiker” nominasiyası üzrə filialın filologiya fakültəsinin II tədris ili tələbələri Əfsanə Əbdürəhimova I, Solmaz Bədəlova isə II yerə layiq görülüb. “Ən yaxşı natiq” nominasiyası üzrə həmin fakültənin I tədris ili tələbələri Kəmalə Eminova I, Əfsanə Əbdürəhimova II, pedaqoji fakültənin III tədris ili tələbəsi Nigar Məmmədli isə III yeri tutub. Qələbə qazanmış tələbələrə medal, diplom və hədiyyələr təqdim olunub.