Azərbaycan Dillər Universitetində (ADU) ali məktəbin müəllim və tələbə komandaları ilə çinli tələbələrin və Çin şirkətlərinin Azərbaycandakı nümayəndələrindən ibarət yığma komandalar arasında stolüstü tennis üzrə yoldaşlıq turniri keçirilib.

 

Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr edilmiş  idman turnirinə böyük maraq olub.

 

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan-Çin humanitar əlaqələrinin uğurla inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsində iki ölkə liderinin rolunu xüsusi vurğulayıb.

 

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao bildirib ki, diplomatik münasibətlərin yarandığı 30 il ərzində ölkələrimiz qarşılıqlı hörmət, etimad, mehriban qonşuluq və anlaşma prinsiplərinə daim sadiq qalaraq münasibətləri davamlı inkişaf etdiriblər.

 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov idman sahəsində hər iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb.  Həmçinin qeyd edib ki, ADU-nun Konfutsi İnstitutu Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əməkdaşlığını inkişaf etdirməyi, tələbələrin bu idman növünə cəlb olunmasını, ixtisaslı məşqçi heyətinin mübadiləsini, idmanla bağlı birgə elmi seminarların təşkilini planlaşdırır.