ADNSU-nun tələbə və məzunlarına sərgidə 260-dan artıq vakant iş yeri və 280 təcrübə yeri təklif olunub


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIII Məzun-Karyera Sərgisi keçirilib.

 

Sərginin açılış mərasimində çıxış edən  ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, belə sərgilər müəssisə və təşkilatlarla tələbə və məzunlar arasında əlaqələr yaradır, gənclərin daha çox hansı sahəyə maraq göstərməsinin müəyyən olunmasında böyük əhəmiyyət daşıyır.

 

Energetika nazirinin müavini Kamal Abbasov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda tələbə və məzunların öz seçimlərinə uyğun işlə təmin olunmasında belə sərgilərin vacibliyindən danışıblar.  Vurğulanıb ki, karyera sərgilərində tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri müəyyən etmək üçün əlverişli  platformadır.

 

Qeyd edək ki, sərgidə 90 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azerfloat” QSC və digərləri  iştirak ediblər. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 260-dan artıq vakant iş yeri və 280 təcrübə yeri təklif olunub. Sərgidə tələbə və məzunlar tərəfindən 1400-dən artıq CV şirkət nümayəndələrinə təqdim edilib.

 

Xatırladaq ki, ADNSU-da 2015-ci ildən başlayaraq ildə iki dəfə olmaqla, Məzun-Karyera Sərgisi keçirilir. İndiyədək bu sərgilərdə ADNSU-nun məzun və tələbələrinə 4516 vakant iş və təcrübə yeri təklif olunub.