ADPU-da respublika elmi konfransı keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  "Fənlərin tədrisi: rəqəmsal mühit və müasir yanaşmalar" mövzusunda respublika elmi konfransı keçirilib.

 

Universitetin müvafiq struktur rəhbərləri, kafedra müdirlərinin iştirak etdiyi konfransda açılış nitqi ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, elmin və texnikanın müasir inkişaf mərhələsində fənlərin tədrisinin metodik əsaslarına yeni yanaşmaların irəli sürülməsi, habelə rəqəmsal təlim vasitələrindən istifadənin elmi-metodiki əsaslarının işlənilməsi ali məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Prorektor qeyd edib ki, bunun üçün kadr potensialının inkişafı, institusional akkreditasiya əsasında idarəetmədə keyfiyyət təminatının artırılması mühüm amillərdir.

 

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev isə vurğulayıb ki, keyfiyyətli kadr hazırlığında digər önəmli məsələ qəbul planlarının hazırlanması işinin optimallaşdırılmasıdır, universitet olaraq bu istiqamətdə müəyyən işlər icra olunur.

 

Professor diqqətə çatdırıb ki, ölkədə 21 universitetdə pedaqoji kadr hazırlığı aparılır. Bunlar içərisində istər elmi-pedaqoji, istərsə də tələbə kontingenti baxımından ADPU müəllim hazırlığında aparıcı yer tutur, bu da universitetin önündə böyük vəzifələr və hədəflər qoyur.

 

Daha sonra fizikanın tədrisi texnologiyası kafedrasının professoru İsa İsmayılov, məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, ümumi tarix və tarixin tədrisi texnlolgiyası kafedrasının professoru Mübariz Əmirov, ibtidai təhsilin pedaqogikası kafedrasının professoru Fərrux Rüstəmov və kompüter elmləri kafedrasının professoru Əbülfət Pələngov fənlərin tədrisinin müxtəlif məsələlərinə dair məruzələrlə çıxış ediblər.