Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov Özbəkistanın Daşkənd Dövlət Texniki Universitetində ezamiyyətdə olub. Ezamiyyətin məqsədi iki universitet arasında əlaqələrin qurulması, inkişaf etdirilməsi və elmi-pedaqoji əməkdaşlıq üçün memorandumun imzalanması olub.

 

Səfər çərçivəsində Nurməmməd Məmmədov Daşkənd Dövlət Texniki Universitetinin rəhbərliyi ilə görüşlər keçirib, AzMİU-nun ixtisasları, potensial imkanları, elmi-texniki nailiyyətləri, xarici əlaqələri haqqında geniş məlumat verib. Görüş zamanı, həmçinin işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, həmin ərazilərdə yaşıl iqtisadiyyatın komponentlərindən olan yaşıl enerji strukturunun qurulmasından bəhs edilib.

 

N.Məmmədov Daşkənd Dövlət Universitetinin energetika fakültəsində isə 2 mövzuda geniş təqdimatla çıxış edib. "Zəngəzur: əvvəl və sonra", "İnşaatda enerji səmərəliliyi qlobal ənənə kimi" mövzularında edilən çıxışlar zamanı hər iki mövzu ətrafında müzakirələr təşkil olunub, bu istiqamətlərdə Azərbaycan və Özbəkistan təcrübələri ilə bağlı fikir mübadiləsi aparılıb.