1972-ci ilin günəşli yay səhəri... Yarım əsri haqlayan acılı-şirinli unudulmaz təqvim yaddaşı... Həmin gün çöhrələri nurlu, arzuları işıqlı gənclər “son zəng”in sədaları altında çətin və şərəfli bir yola çıxdılar. Məktəb həyatına əlvida deyib ülvi arzulara boy verdilər. İllər illərə calandı, 50 illik tarix yaddaşlara yazıldı.

 

Dekabrın 16-da yubilyar məzunlar - ilk buraxılış bəxtəvərləri həm kövrək, həm də sevincli idilər. İlıq payız  günündə bahar istisinə qızınıb 50 il bundan əvvəl ayrıldıqları Masallı rayonu Qızılavar kənd tam orta məktəbinin həyətinə mətin addımlarla ayaq açırdılar. “Ağ saçlı gənclər” yubiley işığında yenidən dərs həyəcanını yaşadılar. Doğma sinfin sahibi olduqları yerlərini tutub hər kəs o əziz məktəb illərinin şöləsində qovruldu.

 

Məzunlar sinif yoldaşları professor Vəsadət Əzizovun məktəbin foyesində hazırlanmış uğurlu həyat hekayəsini əks etdirən stendlə tanışlıqdan sonra yubiley tədbirinə qatıldılar.

 

Dövlət Himni səsləndirildi.

 

Vətən müharibəsi şəhidlərinin, dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Şanlı Zəfərin təntənəsində şəhid Əfqan Mirzəyevin adını daşıyan məktəbin ilk məzunlarını təbrik edən təhsil ocağının direktoru Lətifə Qənbərzadə geniş məruzə ilə çıxış etdi. Tarixi ənənələrini, XXI əsrin çağırışçılarına uyğun fəaliyyətini davam etdirən qocaman məktəb haqqında ətraflı məlumat verən L.Qənbərzadə dedi: “Hörmətli məzunlar, sizlərin hər birinizin el-oba içində hörmət qazandığınızı, nüfuzlu insanlar olduğunuzu həmişə eşitmişik. Nədənsə siz yubilyarlar haqqında danışanda ilk yadımıza düşən Vəsadət Əzizov olur. Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının müdiri...  Sadə və səmimi insan... Sizin həyat hekayəniz gənc nəsil üçün çox maraqlıdır, Vəsadət müəllim!”.

 

Sonra professor Vəsadət Əzizov məktəb xatirələrindən danışıb, uğurlu həyat hekayəsini nəql etdi.

 

Məzunlardan Akif Ağayev və başqaları məktəb illəri ilə bağlı xatirələrini bölüşüb, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon təhsil sektorunun nümayəndəsi Samit İslamov, tanınmış hüquqşünas, uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış Vüqar Kazımov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov və kənd sakinləri çıxış edərək məzunlara təbriklərini çatdırdılar.

 

Daha sonra sağlamlığı imkan vermədiyi üçün tədbirə qatıla bilməyən yubilyar məzunların sinif rəhbəri Xanəli Ağayevin yetirmələrinə ünvanladığı şeiri oxundu.

 

Məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya isə yubiley tədbirinə xüsusi bir ahəng qatdı.

 

Şölə ƏLİYEVA