Türkiyənin məhşur “PROYAPI” Mühəndislik və Müşavirlik şirkətinin İdarə Heyəti rəhbərinin müavini Akif Aygen Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və rektor professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə türkiyəli iş adamı Əli İnsan Gənc də iştirak edib.

 

Rektor Gülçöhrə Məmmədova AzMİU haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor “PROYAPI” şirkəti ilə AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.

 

G.Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin işğaldan azad olunmuş ərazilərimizdə şirkət tərəfindən reallaşdırılan böyük miqyaslı lahiyələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər. 

 

AzMİU haqqında təəssüratlarının yüksək olduğunu deyən Akif Aygen “PROYAPI” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr, xüsusi ilə işğaldan azad olunmuş Azərbaycan ərazilərində görülən işlər haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur ərazilərində geniş miqyaslı yol və tunel tikintiləri, su anbarları lahiyələrinin hazırlanması və bu kimi işlər həyata keçirilir.

 

Görüşdə birgə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub, potensial və perspektiv imkanlar nəzərdən keçirilib.

 

Görüşün sonunda AzMİU ilə “PROYAPI” şirkəti arasında Əməkdaşlıq  Memorandumu imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “PROYAPI” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.