Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) və “Pi Klubu”nun birgə gerçəkləşdirdiyi “Qış Elm festivalı”nın qalibləri mükafatlandırılıb.

 

Universitetdə hər il təşkil olunan elm yarışına cari ildə müxtəlif bölgələri təmsil edən şagirdlər 39 layihə ilə qoşulublar. Layihələr BMU-nun riyaziyyat və informatika kafedrasının müdiri Hümbət Əliyev, kafedranın baş müəllimi Rəşad Əliməmmədov, kafedranın müəllimi Kəmalə İsmayılova tərəfindən dəyərləndirilib.

 

Təqdim olunan işlərdən 4-ü birinci, 5-i ikinci, 5-i isə üçüncü yerə layiq görülüb. Belə ki, Atatürk liseyi, Naxçıvan Qızlar liseyi, Bakı şəhərində 160 nömrəli Klassik Gimnaziya və 18 nömrəli tam orta məktəbin şagirdləri I yerin qalibləri olublar. II yeri Tovuz rayonu Gədəli kənd orta məktəbi, Elitar gimnaziya, Gənc İstedadlar liseyinin şagirdləri tutublar. III yerə Bakı şəhəri 170 saylı tam orta məktəb, Tərəqqi liseyi, “Oxbridge Academy”, Sumqayıt şəhər Texniki Təmayüllü lisey, Ağdam rayonu 38 nömrəli tam orta məktəb, Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinin şagirdləri layiq görülüblər.

 

Elmi layihə yarışında həvəsləndirici yerlərin qalibləri isə Mingəçevir rayonu 2 nömrəli tam orta məktəb, Xırdalan şəhər 9 nömrəli tam orta məktəb, Xırdalan şəhər 1 nömrəli tam orta məktəb, BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri olublar.

 

Qaliblərə sertifikat və medalları BMU-nun riyaziyyat və informatika kafedrasının baş müəllimi Elməddin Hüseynov, pedaqoji fakültənin dekan müavini Kənan Bəşirov, dosent Qafar Ocaqlı və fakültənin əməkdaşı Adil Vəliyev təqdim edib.

 

Qeyd edək ki, yarışda universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə çıxış edə, elmi yenilik, kəşf, ixtira, tədqiqat nəticələri və ya maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimat hazırlaya bilərlər.