Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli pianoçu, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi qeyd olunub.

 

İlk olaraq Prezident İlham Əliyevin təbrik məktubu oxunub, dövlət başçısı tərəfindən Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə  “Şərəf” ordeni ilə təltif olunması xəbəri musiqisevərlər tərəfindən böyük sevinclə qarşılanıb.

 

Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin ifasında  İ.S.Baxın "Brandenburq" konserti ilə yubiley tədbiri açıq elan olunub.

 

BMA-nın beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Xalq artisti Yeganə Axundova, tədris işləri üzrə prorektor professor Nərminə Quliyeva, elmi işlər üzrə prorektor professor Gülnaz Abdullazadə, təsərrüfat işləri üzrə prorektor Tahir Fərəcov, Xalq artisti Xuraman Qasımova, həmçinin tədbirin qonaqları- Xalq artisti Roza Cəlilova  və Azərbaycan Milli Konservatoriyası nəzdində  musiqi kollecinin direktoru professor Nazim Kazımov, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktor müavini Rəna Vəzirova çıxış edərək, F.Bədəlbəylini doğum günü münasibətilə təbrik ediblər.

 

Sonra səhnəyə dəvət olunan  Xalq artistləri Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadənin möhtəşəm dueti dinləyicilərdə gözəl ovqat yaradıb.  

 

Konsert proqramında Xalq artisti Mənsum İbrahimov,  F.Bədəlbəylinin piano sinfinin yetirmələri - Əməkdar artistlər Emil Əfrasiyab, İsfar Sarabski, tarix- nəzəriyyə fakültəsinin professor-müəllim heyəti, BMA-nın məzunları, istedadlı gənc pianoçular Vurğun Vəkilov, Atabala Manafzadə, Rüstəm Zeynalovun parlaq ifaları təqdim edilib. Bakı Xoreoqrafiya Akademiyasının rəqs kollektivinin ifasında  "Uzundərə" xalq rəqsi nümayiş olunub.

 

Sonda F.Bədəlbəyli yubiley konserti üçün hər kəsə təşəkkürünü bildirib.