Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Gənc tədqiqatçılar: reallıqlar, çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

 

Dəyirmi masada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri dosent İlqar Orucov, universitetin alimlərindən Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov, professor Əbülfət Pələngov, professor Əli Zalov, professor Ramiz Əliyev, professor Bəhram Əliyev, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov, elmi katib Nərminə Abdullayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərov və şuranın üzvü olan gənc tədqiqatçılar iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən prorektor Asəf Zamanov gənc tədqiqatçılarla işin qurulmasından danışaraq bildirib ki, ADPU-da təkcə cari il ərzində 4 nəfər elmlər doktorluğu dissertasiyasını müdafiə edib.

 

Prorektor deyib ki, tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, beynəlxalq mübadilə proqramlarında iştirak və beynəlxalq təcrübənin öyrənilməsi qarşıda duran əsas problemlərdəndir.

 

Ali təhsil müəssisələrinin reytinqinin orada aparılan elmi-tədqiqatların və əldə olunan nailiyyətlərin səviyyəsi ilə ölçüldüyünü vurğulayan professor A.Zamanov bunun üçün gənclərin elmə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən şura sədri İlkin Əsgərov ADPU-da gənc tədqiqatçıların işinin əlaqələndirilməsi və stimullaşdırma tədbirləri haqqında danışıb. Digər çıxışcılar gənc kadrların hazırlanmasının aktual məsələləri haqqında fikirlərini bölüşüblər.

 

Daha sonra şuranın üzvü olan doktorant və gənc tədqiqatçılar öz təəssüratlarını bölüşüb, fikir və təkliflərini bildiriblər.