Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda səmərəli elmi fəaliyyəti ilə fərqlənən alimlərin və laboratoriyaların mükafatlandırılması tədbiri keçirilib.

 

Tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev elmi müəssisədə çalışan elmi işçilərin 2022-ci il ərzində fəaliyyətlərinin 14 meyara uyğun qiymətləndirildiyini və əldə olunan göstəricilər əsasında həm laboratoriyaların, həm də elmi işçilərin reytinq siyahılarının hazırlandığını qeyd edib. Akademik diqqətə çatdırıb ki, məqsəd institutda aparılan elmi tədqiqatlarının səmərəliliyinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması, eyni zamanda alimlərin əməyinin qiymətləndirilməsi, onların elmə həvəsləndirilməsi üçün sağlam rəqabət mühitinin yaradılmasıdır.

 

V.Fərzəliyev bildirib ki, artıq bu qiymətləndirmə 5 ildir həyata keçirilir və elmi işçilərin fəallığının artırılmasına təsir göstərir.

 

Əsasən elmmetrik meyarlar əsasında aparılan qiymətləndirilmə prosesi haqqında məlumat verən institutun icraçı direktoru, Qiymətləndirmə Komissiyasının sədri Əfsun Sucayev bildirib ki, qiymətləndirməyə 81 elmi işçi cəlb olunub: “Əsas qiymətləndirmə meyarları kimi, elmi işçinin çap olunmuş əsərləri, həmin əsərlərin nüfuzlu xarici jurnallarda (Web of Science, Scopus, РИНЦ) olması, əsərlərə istinadlar, müəllifin H-indeksi, patentləri, beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, innovativ fəaliyyəti, yüksək ixtisaslı kadr hazırlığı, qrant layihələrində iştirakı, ictimai fəallığı və s. əsas götürülüb”.

 

Ə.Sucayev vurğulayıb ki, qiymətləndirmənin nəticələrinə görə, Sürtkü kompozisiyaları laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Yulduz Ramazanova I yer,  Triboloji xassələrə malik üzvi birləşmələr  laboratoriyasının aparıcı elmi işçiləri - kimya üzrə fəlsəfə doktoru, dosent Nelya Novotorjina və kimya üzrə fəlsəfə doktoru Qəribə Qəhrəmanova II yer, həmin laboratoriyanın böyük elmi işçisi İnqilab İsmayılov və Mühafizəedici üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi Leyla Səfərova III yer qazanıblar.

 

Laboratoriyalardan isə Fizioloji fəal üzvi birləşmələr laboratoriyası I yerə, Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyası II yerə, Sürtkü kompozisiyaları laboratoriyası və Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyası III yerə layiq görülüb.

 

Qalib olan alimlərə və laboratoriyalara pul mükafatları təqdim edilib.