Bakı Ali Neft Məktəbində (BANM) “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın Kopernik Olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb. 

 

Mükafatlandırma mərasimində “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə giriş sözü ilə çıxış edib. Sonra BANM-ın rektoru Elmar Qasımov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, BANM ölkədə təhsilin inkişafına hər cür dəstək verməyə hazırdır. Rektor rəhbərlik etdiyi Ali Məktəblə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

 

Daha sonra Kopernik Olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayıb, iştirakçılara qlobal turda uğurlar arzulayıb. 

 

Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb.  Qızıl medal qazananlara medalları rektor E.Qasımov  təqdim edib. Gümüş və bürünc mükafatları  qaliblərə tədbirə dəvət olunmuş qonaqlar verib. Fizika və astronomiya, təbiət elmləri üzrə qaliblərə isə mükafatları “Tərəqqi” medallı bioloq Camal Kərimov təqdim edib.

 

Qeyd edək ki,  800 şagird arasında təşkil edilən olimpiadada 386 nəfər qalib adını qazanıb. Mükafatlandırılan fiziklər artıq ABŞ-da Rice Universitetində təşkil olunan qlobal turda ölkəmizi təmsil edirlər. Onlar eyni zamanda, NASA-da olacaq, oradakı iş prosesi və raketlərlə tanış olacaqlar. Riyaziyyatçılar isə iyulun 10-da ABŞ-da MIT-də və Kolumbiya Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər.