Bakı Dövlət Universiteti (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.

 

Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Universitetdən bildirilib ki, qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, BDU-nun döş nişanı, diplom və pul mükafatları ilə təltif edilirlər:

  • Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

 

Müsabiqəyə təqdim olunan iddia sənədləri bir neçə meyar üzrə qiymətləndiriləcək.

  1. 2022-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən:
  • təbiət və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə Web of Science və ya Scopus;
  • humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

 

1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:

  • Web of Science bazasına daxil olan:

-  Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal;

-  Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal;

-  Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal;

-  Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;

 

  • SCOPUS bazasına daxil olan jurnallarda – məqalə sayı × 40 bal;
  • ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO və ya EconLit bazalarına daxil olan jurnallarda – məqalə sayı × 20 bal;

 

1.2. digər jurnallarda – məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;

  1. 2022-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar – sayı × 30 bal;
  2. 2022-cı ildə alınmış ixtiralar, patentlər– sayı × 20 bal;
  3. Elmi işlərə 2022-ci ildə olunan istinadlar – sayı × 10 bal;
  4. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla)
  5. – sayı × 10 bal;
  6. Respublika və beynəlxalq konfrans, simpozium və digər tədbirlərdə iştirak – sayı × 5 bal;
  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər– sayı × 25 bal;
  8. Tədris fəaliyyəti – 20 bal;
  9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda  elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar – sayı × 5 bal;
  10. 10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Linkedin və digər səhifələrinin mövcudluğu – sayı × 5 bal;

 

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2023-cü il 05 yanvar tarixindən başlayaraq, elektron formada və ya kağız şəklində qəbul olunur. Materialların qəbulu üçün son tarix 25 yanvar saat 17:00-dır.