Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İngiltərənin TWI (Azerbaijan Branch) şirkətinin rəhbəri Karim Shakourı və şirkətin digər əməkdaşları ilə ali məktəb rektorunun Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova,  həmin kafedranın tələbələri və əməkdaşlarının görüşü keçirilib.

 

Görüşdə şirkətin texniki ekspertlərin, həmçinin beynəlxalq və yerli şirkətlər üçün yüksək keyfiyyətli mütəxəssislərin hazırlanmasında universitetlə sıx əməkdaşlığa hazır olduğu bildirilib. Universitetin sənaye müəssisələri ilə əlaqəsində TWI şirkətinin bir körpü rolu oynamasından, bu sahədəki əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin perspektivlərindən və yeni layihələrdən danışılıb.

 

Təhsil, elm, təlim, təcrübə və sertifikatlaşmalara dair müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə hazırda ADNSU-da  yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə yanaşı, həm də tədqiqat yönümlü istiqamətlərin inkişaf etdirilməsinin xüsusi önəm daşıdığı qeyd edilib.

 

TWI şirkətinin rəhbəri Karim Shakourı cihaz mühəndisliyi kafedrasında magistr səviyyəsində “Keyfiyyətə nəzarət və diaqnostika üsul və cihazları” ixtisası üzrə  ingilis və Azərbaycan dillərində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında maraqlı olduqlarını qeyd edərək, bu məqsədlə tələbələrin müəssisədə təcrübə keçməsi ilə yanaşı, ixtisaslarına uyğun sertifikat almalarının diqqətdə saxlanılacağını deyib. Görüşdə müzakirə olunan məsələlərin reallaşması və hüquqi əsasını tapması üçün  tərəflər arasında memorandumun imzalanması nəzərdə tutulub.

 

Qeyd edək ki, İngiltərənin TWI şirkəti 2012-ci ildən Azərbaycanda beynəlxalq keyfiyyət standartı və normaları əsasında mühəndislik və təlim-sertifikatlaşdırma fəaliyyəti göstərir.