“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

Qonaqlarla görüşən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, Şərqi Zəngəzurda, xüsusilə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən tikinti-quruculuq işləri azad edilən ərazilərimizə  “Böyük Qayıdış”ın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.  Həmin ərazilərin yenidən qurulması üçün Prezident İlham Əliyev tərəfindən ortaya qoyulan siyasi iradəyə diqqət çəkən rektor deyib ki, quruculuq işlərinin kefiyyətli və sürətli həyata keçirilməsi məqsədilə AzMİU-da müvafiq istiqamətlər üzrə kadr hazırlığına xüsusi diqqətlə yanaşılır. Rektor əlavə edib ki, yüksək ixtisaslı mühəndis kadrların və memarların yetişdirilməsi üçün universitet tərəfindən istehsalat müəssisələri, tikinti və layihələndirmə şirkətləri ilə sıx əməkdaşlıq edilir. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” ilə əməkdaşlığın da bu qəbildən olduğunu qeyd edən professor G.Məmmədova əlaqələrin ölkəmizdə memarlıq və inşaat üzrə kadr potensialının gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini söyləyib.

 

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Bərpa və Yenidənqurma departamentinin müdiri Yalçın Məmmədov xidmət tərəfindən hazırda həyata keçirilən və planlaşdırılan layihələrlə bağlı geniş məlumat verib. Özünün, eləcə də xidmətin digər rəhbər vəzifələrində təmsil olunan şəxslərinin və bir sıra əməkdaşının AzMİU məzunu olduğuna diqqət çəkən Yalçın Məmmədov xidmətin universitetlə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

 

Görüşdə AzMİU ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Memorandumda AzMİU müəllimləri və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Şərqi Zəngəzur ərazisində böyük həcmli tikinti-quruculuq layihələrinə cəlb edilməsi, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.