Universitetlərdə imtahanlar necə təşkil olunub?


Ötən il dekabrın 29-dan start verilən ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 5 həftə sürəcək imtahanlar elm və təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil edilib. Əmrə görə, imtahan sessiyasının təşkili ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahanları qüvvədə olan normativ sənədlər əsasında təşkil etməli, rəhbərlik etdikləri müəssisələrdə imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayəti operativ şəkildə araşdırmalıdırlar.  Belə ki, imtahanların təşkili və gedişatında nöqsan, həmçinin neqativ hallara yol verən şəxslərlə bağlı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

“Azərbaycan müəllimi” bir neçə təhsil müəssisəsində imtahan sessiyasının necə təşkil olunmağı ilə maraqlanıb.

 

ADNSU

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) payız semestrinin imtahan sessiyası qiyabi şöbədə dekabrın 26-dan, əyani şöbədə isə yanvarın 5-dən başlayıb. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.

 

Sessiya başlayandan imtahanlarda 11521 tələbə iştirak edib. Onlardan nailiyyət qazananlar da olub, uğursuz nəticə göstərənlər də. Belə ki, 538 nəfər qeyri-kafi, 3230 nəfər qənaətbəxş, 2045 nəfər kafi, 2086 nəfər yaxşı, 1478 nəfər çox yaxşı, 2055 nəfər əla qiymətlər alıb. 72 tələbə imtahanlarda iştirak etməyib, 16 nəfər isə imtahanlardan çıxarılıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələrə fevralın 3-dən 15-nə kimi ikinci şans veriləcək. Belə ki, yalnız 2 fəndən kəsiri olan tələbələr 25 faiz ödənişlə təkrar imtahan verə biləcək. Universitetin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu həftə kəskin hava şəraiti ilə əlaqədar imtahanlarda iştirak edə bilməyənlər ərizə ilə müraciət etdikdən sonra onlar üçün əlavə imtahan təşkil olunacaq.

 

Payız semestri üzrə imtahan sessiyasında ümumilikdə 14488 bakalavr və 2704 magistrant iştirak edəcək.

 

Qeyd edək ki, ADNSU-da imtahanlar 2 formada keçirilir. Yazılı və yazılı-şifahi keçirilən imtahan cavabları kodlaşdırılır və yoxlanıldıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılan İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunur.

 

BSU

 

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası yanvarın 5-dən başlayıb. Lakin bu həftənin əvvəlində Bakıda havanın kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq, universitetdə yanvarın 9-10-da nəzərdə tutulan imtahanlar yanvarın 14 və 21-nə keçirilib.

 

Təhsil müəssisəsinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın sözlərinə görə, imtahanlarda mövcud pandemiya şəraiti nəzərə alınıb. Belə ki, universitetin hər iki tədris binasında üç növbədə imtahanlar təşkil edilib: “İmtahana qədər hər fənn üzrə tələbələrin qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən elan olunub. Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar da bu sessiya müddətində keçiriləcək. İndi akademik borcu yaranacaq tələbələr üçün isə təkrar imtahanlar fevral ayına planlaşdırılıb”.

 

BSU-da sessiyanın gedişinə Operativ Qərargah nəzarət edir. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə müvafiq fakültələr üzrə apellyasiya komissiyası yaradılıb.

 

BDU

 

Yanvarın 5-dən etibarən Bakı Dövlət Universitetində (BDU) imtahanlar başlayıb. Universitetdə imtahanlar iki növbədə keçirilir. Günün ilk yarısında bakalavrlar, ikinci yarısında magistrantlar imtahan verirlər.

 

Təkcə dünən bakalavriatura səviyyəsində 226 qrup üzrə 4551 tələbə, magistratura səviyyəsində 124, ixtisaslaşmada 741 nəfər imtahan verdi.

 

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası fevralın 3-dək davam edəcək və bu müddətdə bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək. Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.

 

Ali təhsil müəssisəsinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyevanın sözlərinə görə, sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olan şikayətlərin araşdırılmasını təmin edəcək.

 

BMU

 

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

29 dekabr 2022-ci il tarixindən start götürən və əyani formada təşkil olunan sessiyanın ötən dövründə 491 imtahan keçirilib. Həmin imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə indiyə qədər ümumilikdə 4555 tələbə iştirak edib.

 

Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin tam təmin olunması məqsədilə Qərargah və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

 

İmtahan nəticələri imtahan keçirilən gün fənn müəllimləri tərəfindən BMU-nun Elektron Məlumat Sisteminə yerləşdirilir.Tələbələr imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə Apellyasiya Komissiyasına müraciət etmək imkanına malikdirlər.

 

Tələbənin müraciəti komissiya sədri və üzvlərinin iştirakı ilə dekan, kafedra müdiri, fənni tədris edən müəllim, həmçinin həmin fənni tədris edən başqa bir müəllim tərəfindən dinlənilir. Tələbənin cavabı təkrar oxunur, fənni tədris edən müəllimin tələbənin iradına münasibəti bildirildikdən sonra komissiya müvafiq qərar verir.

 

11 yanvar tarixinə olan məlumata əsasən, Apellyasiya Komissiyasına cəmi 35 ərizə daxil olub. Onların hamısı komissiya tərəfindən dərhal araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

 

Qeyd edək ki, fevralın 1-dək davam edəcək imtahan sessiyasında 1402 imtahanın keçirilməsi nəzərdə tutulub.

 

Ruhiyyə DAŞSALAHLI