Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb.

 

Görüşdə ötən il sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor E.Babayev qonağa BDU-nun “Tədqiqat universiteti” statusu almağa hazırlaşdığını, ali məktəbin beynəlxalq əlaqələrinin ötən müddət ərzində daha da genişləndiyini, müxtəlif ölkələrlə ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. Həmçinin BDU-da yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzlər və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə məlumat verib.

 

Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə təcrübə mübadiləsinin önəmli olduğunu qeyd edib, tarix və arxeologiya sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. 

 

Daha sonra Obidjon Xamidov BDU-nun infrastrukturu ilə tanış olub.