Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi,  Təhsilin İnkişafı Fondu və Britaniya Şurası ilə  tərəfdaşlıq əsasında təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir qrup müəllim və tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

 

Mərasimdə ADPU rəhbərliyi, müvafiq qurumların əməkdaşları, universitetin filologiya fakültəsinin müvafiq struktur rəhbərləri, namizəd müəllim və tələbələr iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, Pedaqoji Universitetlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə universitetin bir qrup  müəllim və tələbəsi üçün IELTS imtahanı təşkil edilib:”Britaniya Şurasının təşkilatçılığı ilə keçirilən imtahanda universitetdaxili müsabiqə əsasında seçilmiş 9 müəllim və 10 tələbə iştirak edib, hər biri yüksək nəticə ilə beynəlxalq dil sertifikatı qazanıb.  Cari il ərzində daha artıq tələbənin imtahanlara cəlb olunması nəzərdə tutulur.”

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova, Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov və Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Nərgiz Əkbərova çıxışlarında qeyd ediblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya edilmiş beynəlxalq dil sertifikatına malik  tələbələrin müvafiq proqramların tədrisindən azad olunmalarını stimullaşdırmaqdır. Xüsusilə vurğulanıb ki, ötən ilin sonunda 6 dövlət ali təhsil müəssisəsi ilə birgə icra olunan layihənin ilk ilində Pedaqoji Universitetdən namizədliyi irəli sürülmüş bütün müəllim və tələbələr yüksək nəticə ilə IELTS sertifikatı almağa müvəffəq olublar və növbəti illərdə də layihə davam etdiriləcək.

 

Daha sonra müəllim və tələbələrə müvafiq sertifikatlar təqdim olunub.