Rektor Ədalət Muradov İctimai Şura qarşısında hesabatla çıxış edib


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov İctimai Şura qarşısında universitetdə görülən işlər barədə hesabatla çıxış edib.

 

Hesabat tədbirində UNEC nəzdində İctimai Nəzarət Şurasının üzvləri- millət vəkilləri Etibar Əliyev, Hikmət Məmmədov, Arzu Nağıyev, professor Şahlar Əsgərov, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və digərləri iştirak ediblər.

 

Hesabatı təqdim edən rektor Ədalət Muradov bildirib ki, UNEC-in 2030-cu ildə əsas hədəfi dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır.

 

Hesabatda qeyd olunub ki, 4 dildə təhsil verən UNEC-də bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA poqramı üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni ixtisaslaşma 2022-ci ildə yaradılıb.

 

2013/2014-cü illə müqayisədə bakalavriatura üzrə tələbə sayı 4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib.

 

Bildirilib ki, UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır.

 

Tədrisin demokratikləşdirilməsi və himanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır.

 

Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən “Bir Pəncərə Xidməti” fəaliyyətə başlayıb. Təkcə 2022/2023-cü ildə Bir Pəncərə Xidmətinə 17.000 tələbə müraciəti olunub.

 

UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu da tamamilə elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir.

 

Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped Education) metodu tətbiq olunur. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir.

 

Qeyd olunub ki, dünya təcrübəsində də tətbiq olunan sessiya imtahanlarının mərhələli şəkildə ləğvi strateji hədəflərdəndir. Tələbə biliyinin qiymətləndirilməsi ona verilən layihə əsasında aparıla bilər.

 

UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində də mühüm uğurlara nail olunub. Belə ki, Web of Science indeksli jurnallarda ümumilikdə çap olunan UNEC-ə mənsub 755 məqalənin 88 faizi, Scopus indeksli jurnallarda isə çap olunan 703 məqalənin 96 faizi məhz 2014/2022-ci illərin payına düşür.

 

UNEC-də müəllimlərin tədqiqat fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əmək haqqı sistemi tətbiq olunur ki, bu sistemin 70% faizi elmi-tədqiqata aid edilir. İlk onluqda olan müəllimlərin əmək haqqı 2 dəfə artırılır. Qeyd olunub ki, inzibati işçilərin də xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sistemi hazırlanıb və qısa zamanda tətbiqinə başlanılacaq.

 

Rektor bildirib ki, tələbənin biliyi ilə yanaşı, bacarıqlarının da qiymətləndirilməsi məqsədilə akademik transkriptlərlə yanaşı, qeyri-akademik transkript də veriləcək. Bu, onların gələcək karyeralarında böyük imkanlar yaradacaq. İşəgötürən transkriptdəki QR kodu oxudaraq, tələbənin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq.

 

“UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil bilməlidir”- deyə vurğulayan rektor, universitetdə ingilis dilinin 4 bacarıq üzərindən 2 il müddətində tədris olunduğunu diqqətə çatdırıb. Ə.Muradov UNEC-də IELTS tərəfdaşı olan Dil Mərkəzinin fəaliyyətə başladığını və dekabr ayında ilk imtahanların keçirildiyini bildirib.

 

Qeyd olunub ki, UNEC beynəlxalq reytinqlərdə yer alaraq, ciddi uğurlar qazanıb. QS dünya reytinqində UNEC 1001-1200, QS regional reytinqində 221-230, Times Higher Education Impact Rankings 801+, U-Multirank dünya reytinqində 251-300, Asiya üzrə isə 18 ən yaxşı universitet sırasında yer alıb.

 

Kitabxanaların fəaliyyətindən danışan rektor, hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırıldığını, elektron resurs sayının isə bir milyondan çox olduğunu deyib.

 

UNEC-də daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

 

Ə.Muradov UNEC-də Ömürboyu təhsil mərkəzinin fəaliyyətə başladığını, kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığının aparıldığını qeyd edib.

 

Bildirilib ki, UNEC əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə universitetdə orta aylıq əmək haqqı 1,92 dəfə artırılıb. Bu, pedaqoji heyət üzrə 1,96 dəfə, inzibati heyət üzrə isə 2 dəfə artım təşkil edir.

 

Hesabat dinlənildikdən sonra Şura üzvləri fikirlərini bölüşüblər.

 

Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri Günel Səfərova rektorun İctimai Şura qarşısında hesabat verməsini yeni hərəkatın əsası adlandıraraq, bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının əhəmiyyətini vurğulayıb.

 

Millət vəkili Hikmət Məmmədov rektorun hesabatını “Ümid” adlandırıb. Yeni nəsil universitet modelinin formalaşdırılması istiqamətində UNEC təcrübəsini yüksək qiymətləndirən millət vəkili İqtisad Universitetinin ictimaiyyətdə UNEC brendi kimi müsbət imiclə formalaşmasını universitetin böyük uğuru adlandırıb.

 

Professor Şahlar Əsgərov İctimai Nəzarət Şurasının üzvü kimi universitetdəki yenilikləri yaxından izlədiyini diqqətə çatdıraraq, UNEC-in idarəetmə, təhsilin məzmunu, struktur baxımından yeni çağırışlara cavab verən ali təhsil müəssisəsi modeli yaratdığını deyib.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-in rəqəmsallaşma və rəqəmsal transformasiyalar sahəsində mühüm yeniliklər tətbiq etdiyini bildirərək, universitetin gələcək fəaliyyətində rektora uğurlar arzulayıb.