Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində bp şirkəti tərəfindən beynəlxalq universitetlərdə geniş istifadə edilən, Azərbaycan dilinə tərcümə olunmuş 4 dərsliyin təqdimatı keçirilib.

 

ADPU-dan bildirilib ki, bu, bp tərəfindən yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir. Bunlar Rona Hartın "Pozitiv psixologiya", Çarlz A. O'Reyli və Maykl L.Tuşmanın "Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli", Örl Bebbinin "Sosial tədqiqat praktikası" və Con Mallinsin "Yeni biznes yolu testi" kitablarıdır.

 

Kitablar bp-nin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük bir təhsil layihəsinin bir hissəsi olaraq tərcümə edilib və nəşr olunub. bp bu layihəni hazırda davam etdirir və əlavə 10 beynəlxalq universitet dərsliyinin tərcümə olunması, nəşri üzərində iş gedir.

 

Azərbaycan dilinə tərcümə edilmək və nəşr olunmaq üçün seçilmiş bütün dərsliklər yerli universitetlər və müvafiq ekspertlər tərəfindən beynəlxalq bilik və təhsil təcrübəsi baxımından dəyərli mənbə kimi tövsiyə olunub. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər sırasındadır və əksər aparıcı beynəlxalq universitetlərin icbari tədris vəsaitlərinin siyahısına daxildir.

 

Kitablar bp-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS Nəşriyyat Evinin onlayn platformalarında yerləşdirilib.

 

Təqdimat mərasimində ADPU və bp Azərbaycan şirkətinin rəhbərliyi, millət vəkilləri, ali təhsil müəssisələrinin və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov növbəti beynəlxalq dərsliklərin təqdimatının ilk dəfə universitet kitabxanasında keçirilməsinin rəmzi məna daşıdığını qeyd edərək, bu tip sosial layihələrin təhsilin inkişafına önəmindən danışıb. Rektor vurğulayıb ki, ali təhsil müəssisələri ilə müzakirələr əsasında gələcəkdə də prioritet sahələrdə beynəlxalq səviyyədə tədris olunan dərsliklərin tərcümə və çap olunması diqqət mərkəzində saxlanılmalıdır.

 

Təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkətin ölkədə həyata keçirdiyi sosial layihələrin 80%-i təhsillə bağlıdır: “Bu kitablar yerli universitetlərin bəhrələnə biləcəyi daha bir dəyərli təhsil və tədris mənbəyidir. Layihə başa çatdıqda biz universitetlərimiz üçün qlobal biliklərlə zəngin 29 ən nüfuzlu beynəlxalq dərsliyə birbaşa çıxışı təmin etmiş olacağıq. Çox məmnunuq ki, Bakıda və ölkənin digər şəhərlərində yerləşən 30-dan çox yerli ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti bu dərsliklərdən yararlana biləcək. Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı kimi biz ölkədə təhsilin ümumi keyfiyyətinin artırılmasına yönəlmiş sosial layihələrə sərmayə qoymağa davam edəcəyik.”

 

“Təhsilə yatırılan investisiya daha asan geri qayıdır. Tərcümə etdiyimiz yeni kitablar kifayət qədər bahalıdır. Onların arasında qiyməti 148, hətta 182 ABŞ dolları olanlar da var. Bundan əvvəl tərcümə etdiyimiz bir kitabın dəyəri isə 700 dollar civarında idi. Bu günə qədər ölkəmizdə və ölkə hüdudlarından kənarda 65 min nüsxədən artıq kitabın oxucular arasında yayılmasına dəstək vermişik. Həmçinin "Rəqəmsal kitabxana" layihəsi çərçivəsində 29 mindən artıq kitab elektronlaşdırılıb.”, - deyə B.Aslanbəyli qeyd edib.

 

Çıxış edənlərdən millət vəkili Zahid Oruc, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və TEAS PRESS Nəşriyyat evinin təhsil üzrə məsləhətçisi Elmina Kazımzadə vurğulayıblar ki, bu layihə ölkənin və cəmiyyətin gələcəyinə töhfə verən gözəl sərmayədir. Çıxışlarda qeyd olunub ki, neft kapitalının bilik kapitalı kimi sosial sərmayə formasında cəmiyyətə qayıtması dayanıqlı inkişafın təməlidir.

 

Qeyd edək ki, hazırda davam edən layihənin ümumi dəyəri 2 milyon AZN-dən çoxdur.