Universitetin Kitabxana İnformasiya Mərkəzi bu akademik bazaya abunəlik əldə edib


Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi daha bir tammətnli kitab və jurnal bazasını oxucularının istifadəsinə təqdim edib. 

 

Universitetdən bildirilib ki, "Edward Elgar Publishing" bazası innovasiya və texnologiya, biznes və menecment, iqtisadiyyat və maliyyə, həmçinin sosial elmlər sahəsində 7000 adda akademik kitab nəşr edən ən böyük müstəqil nəşriyyatlardan biridir. "Edward Elgar Publishing", həmçinin 10000-dən çox başlıqdan ibarət, redaksiya heyətinin nəzarətindən keçmiş nüfuzlu və keyfiyyətli jurnal portfoliosuna sahibdir.  

 

Kitabxana İnformasiya Mərkəzi bu akademik bazaya abunəliyi Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə olan əməkdaşlığı çərçivəsində əldə edib. Kitabxana İnformasiya Mərkəzinin bu əməkdaşlığı çərçivəsində 1303 adda elektron kitab, eyni zamanda hüquq, iqtisadiyyat, idarəetmə, liderlik və s. sahələr üzrə 17 jurnala abunəliyi artıq istifadəyə verilib. Bazadan istifadə ödənişli olmasına baxmayaraq, aparılmış danışıqlar əsasında 2 il (2023-2025) müddətinə ödənişsiz istifadə oluna biləcək. 

 

Bazadan universitet daxilində AzTU-nun internet şəbəkəsinə qoşulmuş bütün üzvləri istifadəçi adı və parol tələb olunmadan sərbəst istifadə edə bilərlər. 

 

Bazanın linki: https://www.elgaronline.com/browse?access=user