ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində  (ATU) olub.

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetdəki tədris prosesi, o cümlədən yeni yaranan ixtisaslar, tədris proqramlarının təkmilləşdirilməsi, xaricdən tələbələrin cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

 

Universitet üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor, USAİD-lə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.

 

Beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev isə bildirib ki, hazırda ATU-da 50 ölkədən 3000 əcnəbi tələbə və rezident təhsil alır: “Universitetimizdə 6 fakültə fəaliyyət göstərir. Universitet nəzdində 4 klinikamız var. Ölkədəki tələbata uyğun olaraq,  ATU-da “Tibb bacısı” və “Fizioterapiya” ixtisasları da yaradılıb”.

 

Prorektor qeyd edib ki, USAİD-lə əməkdaşlıq universitet üçün çox önəmlidir: “Ümumdünya Səhiyyə Təşkilatı ilə səhiyyə menecmenti, ailə həkimi sahələri üzrə sıx əməkdaşlıq edir, birgə təlimlər keçiririk. Sizin qurumla da bir simulyasiya mərkəzinin yaradılmasını istərdik. Universitetimizin klinikalarında tədris treninq mərkəzləri fəaliyyət göstərir. Amma təbii ki, bu qədər tələbəsi olan universitetdə bəzən hər tələbəyə xəstə göstərmək mümkün olmur. Məhz buna görə və günümüzün reallığından çıxış edərək, simulyasiya mərkəzinin yaradılmasını planlaşdırırıq. Düzdür, ölkə rəhbərliyinin tapşırığı ilə başqa qurumların nəzdində belə bir mərkəz qurulub. Bizim tələbələrimiz də ora gedirlər. Amma əlçatanlıq və tədris prosesinin keyfiyyəti baxımından ATU-nun özündə simulyasiya mərkəzinin olması vacibdir”.

 

USAİD Azərbaycan-ın Missiya direktoru Maykl Nirbas görüş üçün təşəkkür edərək, qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyi fikrini dəstəklədiyini söyləyib. O, USAİD-lə universitet arasında uyğun istiqamətlərdə fəaliyyətin qurulması üçün işçi qrupun təşkil olunmasını təklif edib: “Bir müddət əvvəl ATU-da Təcili Yardım Sisteminin təkmilləşdirilməsi mövzusunda keçirilən simpoziumda mən də iştirak etmişdim. Həmin tədbirdə də bildirmişdim ki, təcili yardım sisteminin gücləndirilməsi USAID-in Azərbaycanla tərəfdaşlığının əsas məqsədlərindən biridir. Bu istiqamətdə, eləcə də adlarını çəkdiyiniz yeni ixtisaslarla bağlı sizə dəstək olmağa hazırıq”.