ActInSpace 2022 Azərbaycan finalçısı olan Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri- Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər ​​İsmayılova və Sənan Çaharkamadan ibarət “Nexus” komandası Fransanın Kann şəhərində keçirilən ActInSpace Grand Beynəlxalq Finalında 1-ci yeri qazanıb.

 

Komanda yanacaq sərfiyyatını və emissiyaları azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran bir həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını-çəkisizlik üzrə uçuş imkanı əldə ediblər.
 

Qeyd edək ki, “Nexus” komandası finaldan əvvəl Avropa İttifaqının Kosmik Proqram üzrə Agentliyinin (EUSPA) təklif etdiyi xüsusi mükafatı da qazanıb. EUSPA mükafatı sabahın yenilikçilərini enerjinin bərpa olunan enerji mənbələrinə keçidini dəstəklən və ya enerji səmərəliliyi, qənaətini yaxşılaşdıra biləcək məhsullar, xidmətlər inkişaf etdirməyə çağırır.
 

Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil edilən ActInSpace, cəmiyyətə töhfə vermək üçün kosmik texnologiyalardan istifadənin təşviq edildiyi beynəlxalq hakatondur. Ümumilikdə, bu il 35 ölkədən 66 şəhər yüksək keyfiyyətli layihələr təklif edən son dərəcə istedadlı komandalarla təmsil olunub.