Əyləndilər, öyrəndilər, yeni dostlar qazandılar


Fevralın 15-də yeni istifadəyə verilmiş STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub. Ziyarətdə 80-dən çox şəhid övladı iştirak edib. Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir. Ziyarət “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil edilib.

 

STEAM İnnovasiya Mərkəzinin İnnovativ Təhsil Departamentinin müdiri Təranə İbrahimlinin qəzetimizə verdiyi məlumata əsasən, əvvəlcə bütün uşaqlar yaşlarından asılı olmayaraq mərkəzdə mütəxəssislər tərəfindən öncədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu izləyiblər.

 

Daha sonra şəhid övladları 5 qrupa bölünüb və qrup rəhbərlərinə məlumat vərəqləri paylanıb. İbtidai sinif şagirdləri “Bumble bee”, “Sadə proqramlaşdırma” məkanları ilə tanış ediliblər. 10-18 yaş arası uşaqlar ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Enerji”, “Aviasiya”, “Nyuton” otaqlarını ziyarət ediblər.

 

Bu otaqlarda şagirdlər təlimləri dinləyib, mühəndislik, dizayn, proqramlaşdırma prosesini öyrənib,  müxtəlif eksponatlarla, avadanlıqlarla yaxından tanış olublar. STEAM İnnovasiya Mərkəzinə ziyarətin təşkil edilməsində əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu göstərmək olub.  Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər. Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

 

STEAM İnnovasiya Mərkəzində təşkil edilən ziyarət çərçivəsində Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları ilə söhbət etdik, onların  təəssüratları ilə tanış olduq.

 

Əyani, görərək, toxunaraq öyrənirik”

 

 

8 noyabr 2020-ci ildə Laçın döyüşləri zamanı şəhid olan mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanzadə: “Mən Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin  10-cu sinif şagirdiyəm. Gələcəkdə mən IT mütəxəssisi olmağı arzulayıram. Ona görə STEAM İnnovasiya Mərkəzində olmağımı mənim gələcək peşəmə gedən yolda ilk təcrübəm kimi dəyərləndirirəm. Hazırda biz “Aviasiya” otağındayıq və burada bizə təyyarədə uçmağı öyrədirlər. Biz virtual olaraq təyyarənin necə idarə edilməsinə baxırıq, eniş və qalxma zonalarını müəyyənləşdiririk. Dərs zamanı bəzi mövzuları biz təxəyyülümüzdə canlandırdıq, burada isə əyani, görərək, toxunaraq öyrənirik”.

 

 

 

“Virtual olaraq özüm təyyarəni idarə etdim”

 

19 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olan baş gizir Sübhan Cəbrayılovun qızı Fidan Cəbrayılova: “Mən Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəbin 7-ci sinfində oxuyuram. Gələcəkdə arzum hüquqşunas, hakim olmaqdır. Mərkəzlə tanışlıq mənim çox xoşuma gəldi. Xüsusilə “Aviasiya” otağı məni çox cəlb etdi. Təyyarəyə mindikdə mənə hər zaman maraqlı gəlirdi ki, pilotlar onu necə idarə edir. Bu gün mən bu prosesin əyani şahidi oldum, virtual olaraq özüm təyyarəni idarə etdim. Ümumiyyətlə, burada hər bir şey möhtəşəm təşkil olunub”.

 

 

 

 

“Burada müxtəlif elm sahələrinə aid bilik və bacarıqlara yiyələndik”

 

 

30 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan mayor Toğrul Bərxudarovun qızı Güllü Bərxudarlı: “Mən Bakı şəhərində yerləşən İdrak liseyinin 6-cı sinfində oxuyuram. Gələcəkdə memar olmaq arzusundayam. STEAM İnnovasiya Mərkəzi mənə çox maraqlı gəldi. Burada fizika fənni üzrə yeni bilgilər əldə etdim və gələcəkdə onları sinifdə tətbiq edəcəyəm. “Virtual reallıq” otağı xüsusilə məni cəlb etdi. Burada müxtəlif elm sahələrinə aid bilik və bacarıqlara yiyələndik”.

 

 

 

“Virtual olaraq öyrənmək mənim hədsiz marağıma səbəb oldu”

 

 

7 noyabr 2020-ci ildə Xocavənd-Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olan mayor Asiman Əliyevin qızı Nilay Əlizadə: “Mən Hədəf liseyinin 6-cı sinif şagirdiyəm. Gələcəkdə cərrah olmağı arzulayıram. STEAM İnnovasiya Mərkəzində biz həm öyrənir, həm də əylənirik, müxtəlif otaqlarda maraqlı fəaliyyətlərlə məşğul oluruq. “Virtual reallıq” otağında maraqlandığımız məzmuna uyğun seçim etmək və onun üzərində virtual olaraq öyrənmək mənim hədsiz marağıma səbəb oldu”.

 

 

 

“Mənim ən çox xoşuma gələn proqramlaşdırmanı öyrənmək oldu”

 

 

16 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olan polkovnik-leytenant Babək Ramaldanovun oğlu Süleyman Ramaldanov: “Mən 59 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdiyəm. Böyüyəndə ya həkim, yada ki, hərbiçi olmaq istəyirəm. Bu mərkəzə gəlməyimə çox şadam. Mənim ən çox xoşuma gələn proqramlaşdırmanı öyrənmək oldu. Burada çox əyləndim, öyrəndim,  yeni dostlar qazandım”. 

 

 

 

 

“Buradakı otaqlarda əyləncəli oyun oynayaraq öyrənmək mümkündür”

 

 

2 oktyabr 2020-ci ildə Suqovuşan-Talış uğrunda gedən döyüşlər zamanı şəhid olan baş gizir Mirzə Axundovun qızı Zərifə Axundzadə: “Mən Hövsan qəsəbəsi 281 nömrəli tam orta məktəbin 4-cü sinfində oxuyuram. Böyüyəndə göz həkimi olmaq istəyirəm. Burada mənim ən çox arılar haqqında olan “Bumble bee” otağı xoşuma gəldi. Müəllimimiz bizə çox maraqlı məlumatlar verdi. Həmçinin buradakı otaqlarda əyləncəli oyun oynayaraq öyrənmək mümkündür”.

 

 

 

“Böyüyəndə general olmaq istəyirəm”

 

 

30 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olan baş gizir Ramil Quliyevin oğlu Ümid Quliyev: “Mən 137 nömrəli məktəbin 4-cü sinfində oxuyuram. Böyüyəndə general olmaq istəyirəm. İlk dərsimiz arılar otağında oldu. Burada heç bir yerdə görmədiyimiz qurğuları, əşyaları görür, onlardan istifadə edir və çox maraqlı məlumatlar əldə edirik. Mən gələcəkdə proqramlaşdırma haqqında daha çox öyrənmək istərdim”. 

 

 

 

Lamiyə ƏLİMƏRDANOVA