“Tədqiqat imkanlarımızı genişləndirmək üçün azad olunan ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla yeni əməkdaşlıqlar qururuq”


Bəlkə də Azərbaycanda son 50 ili memarlıq və inşaat sahəsinin tərəqqi dövrü adlandırmaq olar. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan  SSR-də başladılan sürətli tikinti-quruculuq işləri çox keçmədən 1975-ci ildə İnşaat Mühəndisləri İnsitutunun (red. Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaranması ilə nəticələndi. Ulu Öndərin təşəbbüsü və gərgin səyi ilə yaradılan bu ali məktəb həmin dövrdə öz profili üzrə Cənubi Qafqazın ən böyük ali təhsil müəssisəsi olub. 90-cı illərdə Ermənistanın torpaqlarımıza təcavüzü, yüz minlərlə soydaşımızın məcburi köçkün və qaçqın statusuna düşməsi  ilə yanaşı, şəhərlərimizin, kəndlərimizin, memarlıq abidələrimizin dağıdılması, bəzilərinin tamamilə məhv olunması ilə nəticələndi. 2020-ci ildə baş verən Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olundu, lakin gözləniləndən də dəhşətli mənzərə ilə qarşılaşdıq - şəhərlərimizin, kəndlərimizin çoxunda tək bir tikili belə qalmamışdı.

 

Azərbaycan dövləti tərəfindən azad olunan ərazilərin bərpası və yenidən qurulması işi sürətlə həyata keçirilir. Bununla belə, ərazilərin böyüklüyü və dağıntının miqyası daha çox mütəxəssisə, kadra ehtiyac yaradır. Əlbəttə ki, quruculuq işlərinə xarici şirkətlər də cəlb olunub, lakin ekspertlər hesab edirlər ki, bəzi məsələlərdə yerli mütəxəssislərin iştirakı son dərəcə vacibdir. Məsələn, dağıdılmış milli memarlıq abidələrinin bərpası...

 

Müsahibimiz, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, əməkdar memar professor Səbinə Hacıyevadır.

 

“Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması üçün onların bərpası və təmiri işlərinə xüsusi diqqət yetirmək bərpaçının ən önəmli vəzifəsidir”

 

- Səbinə xanım, Azərbaycan abidələr baxımından zəngin ölkə sayılırmı? Bu sualın cavabını başqa konteksdə öyrənmək daha maraqlı olardı - Azərbaycanda memarlıq abidələrinin bərpası üzrə mütəxəssislərin işi nə dərəcədə çətindir?

- Bəli, əlbəttə, Azərbaycan ərazisi öz tarixi əhəmiyyəti, zəngin abidələri baxımından xüsusi önəm daşıyan məskənlərdən biridir. Ərazi olaraq, mülayim və münasib təbii şəraitə malik olduğu üçün, insanlar burada hələ çox qədim zamanlardan məskunlaşıblar. Bu insanlar tarix boyu böyük yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaradıblar. Məsələn, Qobustan kitabələri, Azıx mağarası bəşəriyyət üçün əvəzsiz nümunələrdəndir. Lakin təəssüflər olsun ki, bəzi abidələr yarıdağılmış vəziyyətdədir və yaxud tamamilə məhv olub. Bununla belə, yaşadığımız dövrə gəlib çatan abidələr çoxdur və onlar qiymətli memarlıq nümunələri kimi qorunub saxlanılır.

 

Təbii ki, belə dəyərli abidələrlə zəngin olan ölkənin vətəndaşı olaraq, bu abidələri qoruyub gələcək nəsillərə ötürmək ilk növbədə bizim vətəndaşlıq borcumuzdur. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması üçün onların bərpası işlərinə xüsusi diqqət yetirmək bərpaçının ən önəmli vəzifəsidir. Bu vəzifə kifayət qədər çətin və məsuliyyətli olmağına baxmayaraq, bir o qədər də maraqlı və cəlbedici bir işdir. Bu işin çətinliyi ondan ibarətdir ki, bir-birinə bənzəməyən müxtəlif abidələrin hər biri xüsusi və özəl yanaşma tələb edir. Bərpa zamanı xüsusi diqqət edilməsi gərəkən məsələlərdən biri də abidənin obrazına xələl gətirmədən ömrünü uzatmaqdır. Belə bənzətmə etsəm, məncə yanılmaram - Memarlıq abidəsinin bərpası həkimlə xəstənin münasibətinə oxşayır, fərdi yanaşmasan öz ruhunu saxlamaqla ömrünü uzada bilməzsən.

 

- AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Qazaxıstanda keçirilən beynəlxalq forumda bildirmişdi ki, işğaldan azad olunan Azərbaycan ərazilərindəki memarlıq abidələri demək olar ki, tamamilə məhv edilib. Maraqlıdır, AzMİU-da bu istiqamətdə tədqiqatlar aparılırmı?

- Biz memarlıq üzrə aparıcı ali təhsil, həm də tədqiqat müəssisəsiyik. Bütün ərazilərimiz üzrə, xüsusilə işğaldan azad olunan ərazilərdəki abidələrlə bağlı araşdırmalarımız mövcuddur. Biz birbaşa, yaxud da əlaqədar qurumlarla koordinasiyalı şəkildə bu prosesi həyata keçiririk. Tədqiqat imkanlarımızı genişləndirmək üçün azad olunan ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla yeni əməkdaşlıqlar qururuq. Məsələn, bu günlərdə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, ondan əvvəl Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, ondan az əvvəl Türkiyənin “Pro Yapı” şirkəti ilə əməkdaşlıq müqavilələri imzaladıq. Bu müqavilələr bizim tədqiqat imkanlarımızı genişləndirir.

 

“30 ilə yaxın bir dövrdə biz Qarabağ ərazisində yerləşən abidələri bir gün belə olsun unutmadıq”

 

Belə anlaşılmasın ki, biz bu prosesə yeni başlamışıq. 30 ilə yaxın bir dövrdə biz Qarabağ ərazisində yerləşən abidələri, bir gün belə olsun unutmadıq. Söhbət tək müəllim-professor heyətindən getmir, tələbələr də unutmadı. Elə bir il olmayıb ki, tələbələr kurs işlərində, diplom işlərində Qarabağ abidələrindən bəhs etməsinlər.  Tələbələr əmin idilər ki, Qarabağ tezliklə azad ediləcək, ərazidəki abidələri daha yaxından tanıyacaq və onların üzərində təmir-bərpa işləri aparacaqlar.

 

Hələ Qarabaq işğal altında olanda Ağdamın bərpası, tədqiqatı, gələcək inkişafı kimi məsələlərə həsr olunan bir layihə reallaşdırdıq. Həmin layihə gözəl Ağdamımızın işğaldan sonrakı mənzərəsini əks etdirirdi. Biz Ağdamı xəyalımızda bərpa etmişdik. Daha sonra tələbələrin təşəbbüsü, professor-müəllim heyətinin iştirakı ilə Şuşa layihəsinin icrasına başladıq. Biz layihənin təqdimatına hazırlaşanda müharibə başladı və Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini aldıq. Ərazilərimiz işğaldan azad olunandan sonra bir qrup tələbə ilə birlikdə Şuşaya, Ağdama səfər etdik. Artıq xəyallarımız gerçəkləşir, həmin müqəddəs ərazilərimiz, cənab Prezidentin təbilincə desək, gözəl Şuşamız bərpa olunur və bizim müəllimlər, məzunlar və tələbələr bu prosesdə iştirak edirlər.

 

- Məzunların həmin ərazilərdə çalışması, tələbələrin təcrübəyə cəlb olunması, əlbəttə ki, AzMİU üçün qürurverici olmalıdır. Universitet necə, qurum olaraq başqa hansısa formada azad olunan ərazilərdə aparılan tədqiqat və bərpa işlərində iştirak edirmi?

- Hazırda işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən layihələrdə, geniş miqyasda olmasa da, bir neçə layihə var ki, iştirakımız gözlənilir. Həmçinin Zəngilanda həyata keçirilən “Ağıllı Şəhər” konsepsiyasının layihələridə bizim məzunlarımızdan aktiv iştirak edənlər var. Onlar, həm də həmin ərazilərdə vandalizmə uğramış tarixi memarlıq abidələrinin bərpası ilə məşğuldurlar. Hesab edirəm ki, bu proses davam edəcək və abidələrin bərpası işinə daha çox məzunumuz cəlb olunacaq.

 

“Bu günə qədər bizim üçün əlçatmaz olan bu abidələri daha yaxından  izləmək, tədqiq etmək üçün bir az vaxt lazımdır”

 

- Səbinə xanım, Siz AzMİU-nun professorusunuz və şübhəsiz ki, əsas işiniz də tələbələrlədir. Tələbələr tədqiqat və bərpa işlərinə cəlb olunurmu? Əgər cəlb olunurlarsa, onların iştirakı bir mütəxəssis kimi sizi qane edirmi?

- Bəli, bu bizim yaralı yerimizdir. Çünki son iki ildir ki, həmin ərazilərin azad edilməsinə baxmayaraq, hələ də minalar və partlamamış hərbi sursatlara görə ərazilərə giriş məhduddur. Əminliklə deyə bilərəm ki, nəzəriyyə baxımından bir çox tələbə bu layihələrdə iştirak etmək üçün hazırdır, lakin təcrübi nöqteyi - nəzərdən hələ tam hazır hesab edilə bilməzlər. Ümumiyyətlə, bu günə qədər bizim üçün əlçatmaz olan bu abidələri daha yaxından  izləmək, tədqiq etmək üçün bir az vaxt lazımdır. Hesab edirəm ki, onlar bir neçə real layihənin üzərində işləyəndən sonra çox gözəl mütəxəssis olacaqlar.

 

“Təsəvvür edin ki, bu təəssüratla Tokioya getmiş gənc memar məşhur yapon memarı Kenzo Tangenin əsərləri, onun fantaziyası ilə qarşılaşır. Yaxud da Tokiodakı digər müasir tikililər... Mən həmin vaxt böyük təəssüf hissi keçirirdim”.

 

- Sizinlə Azərbaycan memarlığına nəzər salmaq istərdik. Son yüz ili analiz etsək, Azərbaycan memarlığı ilə bağlı hansı mənzərə ilə qarşılaşarıq? Təbii ki, bu sualı istiqamətiniz üzrə, əsas olaraq memarlıq konstruksiyaları və abidələrin bərpası konteksində cavablandırmağınızı arzu edirik...

- Bu, çox maraqlı sualdır. 100 il bundan əvvəl Azərbaycan memarlığında çox maraqlı dövr bitmək üzrə idi - XIX əsrin sonu XX əsrin əvvəlləri memarlığı. Bu dövrdə Azərbaycanda, xüsusilə də Bakıda xarici və yerli talantlı memarların birgə fəaliyyəti nəticəsində memarlıqda yeni formalar, üsullar, üslublar yarandı. Bakının ən gözəl binaları məhz o dövrə məxsusdur. Sonralar Mikayil Hüseynov, Sadıx Dadaşov, Ənvər Qasımzadə kimi məhşur memarlarımız 20 əsrin ortalarında  Bakının bu gün də göz oxşayan binalarını ucaltdılar.

 

Son illər memarlığımız böyük inkişaf yolu keçib. Burada təbii olaraq neqativ hallar da var, bir memar kimi, fərdi zövq sahibi kimi biz bunu görürük, lakin pozitiv, qürurverici hallar daha çoxdur. Bu sualınız mənə 1997-ci ildə Yaponiyanın Tokio şəhərində təcrübədə olduğum ay yarım müddəti xatırlatdı. Bilirsiniz, SSRİ dövründə memarlıq standart və çərçivələrə tabe idi, çərçivələr daxilində layihələr icra edilirdi. Bu, memara öz fantaziyasını ortaya qoymağa imkan vermirdi. Əlbəttə ki, o dövrün üstündən tamamilə xətt çəkmək olmaz. O dövrdə də gözəl layihələr var idi, bu layihələr əsasən fərdi və az sayda idi.

 

Təsəvvür edin ki, bu təəssüratla Tokioya getmiş gənc memar məşhur yapon memarı Kenzo Tangenin əsərləri, onun fantaziyası ilə qarşılaşır. Yaxud da Tokiodakı digər müasir tikililər... Mən həmin vaxt böyük təəssüf hissi keçirirdim. O dövrdə Azərbaycanda belə gözəl müasir konstruksiyalarla tikilmiş binalar yox idi və düşünürdüm ki, görəsən nə vaxtsa ölkəmizdə belə tikililər inşa ediləcəkmi?! Bu gün isə, ölkəmizdə bir-birindən gözəl, əsrarəngiz tikililər inşa edilməkdədir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, çox böyük inkişaf yolu keçmişik, özü də böyük addımlarla. 1997-ci ildə Tokiodakı memarlıq nümunələrini görəndə böyük təəssüf hissi keçirmiş birinin ölkəsində Zaha Hadidin layihələri reallaşdı. Xarici dostlarım, memar həmkarlarım məndən xahiş edirdilər ki, Heydər Əliyev Mərkəzinin, “Alov qüllələri” kompleksinin və digərlərinin şəkillərini onlara göndərim. Yaponiyada olanda mənə desəydilər ki, nə vaxtsa belə bir hal olacaq, yəqin ki, inanmazdım.

 

Düzdür, əvvəl də dediyim kimi bəzən neqativ halları da görürük. Bu da təbiidir, memarlıq və inşaat böyük və çoxşaxəli sahədir.

 

“Qarabağ nə vaxtsa dünyanın modern memarlıq mərkəzinə çevriləcək”

 

- Siz pozitiv dəyişiklikləri daha çox qeyd etdiniz. Bu qədər gözəlliyin içində neqativi görmək çətin deyil ki?

- Yox, elə anlaşılmasın ki, mən neqativ axtarıram. Sadəcə ölkəmizi, memarlığımızı sevirəm və daha da gözəlləşməsini istəyirəm. Düşünürəm ki, memarlığımızın inkişafı bundan sonra da davam edəcək, Qarabağ nə vaxtsa bizim tələbələrimizin, məzunlarımızın yaradıcılığı və dövlətimizin iradəsilə dünyanın modern memarlıq mərkəzinə çevriləcək.

 

Nicat Abdullayev - AzMİU