Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu.

 

UNEC-dən bildirilib ki, 3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərinə UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə etmiş olacaqlar.

 

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramınının məzunlarının sayı 78 nəfərə (2 nəfər əcnəbi tələbə olmaqla) çatdı.

 

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarə olunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.