Olimpiada dahilərinin uğur hekayələri


Xəbər verildiyi kimi, dəfələrlə beynəlxalq olimpiadalarda iştirak edən və medallar qazanan şagirdlərin uğurları davam etməkdədir. Onların soraqları dünyanın ən top universitetlərindən gəlir. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyindən 4 nəfər 11-ci sinif şagirdi və bir nəfər Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi dünyanın məşhur universitetlərinə qəbul olublar. Fizika fənni üzrə milli və beynəlxalq olimpiadalar qalibi, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Sadiq Sadıxzadə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (İmperial College London), riyaziyyat fənni üzrə çoxsaylı olimpiadalarda iştirak edən Cəlil Hüseynov Sinqapur Milli Universitetinə (National University of Singapore), Selcan Şəfizadə British Columbia Universitetinə (University of British Columbia), Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin şagirdi Dəniz Səttarlı isə Massaçusets Texnologiya İnstitutuna (Massachusetts İnstitute of Technology) birbaşa qəbul olunub. Onlar öz təssüratlarını, qalibiyyətə aparan uğurları barəsində “Azərbaycan müəllimi”nə danışdılar.

 

“Olimpiadaların mənim qəbulumda böyük rolu oldu”

 

7-ci sinifdən bəri fizika fənninə marağının yarandığını deyən Sadiq Sadıxzadə elə həmin ildən də respublika fənn olimpiadaları ilə maraqlanıb, qeydiyyatdan keçib və müəllimi ilə birlikdə hazırlaşmağa başlayıb. Onun bu addımı hazırda əldə etdiyi uğura aparan cığırı müəyyən edib.

 

Sadiq Sadıxzadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdidir. Şagird demişkən o artıq London İmperial Kollecinin tələbəsidir. Bugünə kimi 9-u beynəlxalq, 3-ü milli olmaqla, ümumilikdə 12 olimpiadada iştirak edib, qatıldığı bütün olimpiadalarda medalla geri dönüb: “2021 və 2022-ci illərdə Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə iştirak edib və qızıl medala layiq görülmüşəm. 2022 və 2023-cü illərdə 18-ci və 19-cu Beynəlxalq Jautikov Olimpiadasında iştirak edib bürünc və gümüş medallar, 2022-ci il 20-24 may tarixləri arasında Sloveniyanın Lyublyana şəhərində keçirilən Avropa Fizika Olimpiadasında (EuPho) bürünc medal, 2022-ci il 10-17 iyul tarixləri arasında onlayn formada keçirilən Beynəlxalq Fizika Olimpiadasında (İPhO) bürünc  medal almışam. Əlbəttə ki, bütün bu olimpiadaların mənim qəbulumda böyük rolu oldu. Yüksək səviyyəli universitetlər qəbul prosesində sadəcə test ballarını nəzərə almırlar, çünki test balı yüksək olan çox şagird müraciət edir. Onlar həmçinin tələbənin maraqlarına, vaxtını nələrə xərclədiyinə, akademik potensialına və s. baxırlar. Olimpiadalarda iştirak etməyim ixtisasım barədə məlumatlı olduğumu və məsələ həll etmə bacarığımı da sübut elədi. Hətta universitetin müsahibə prosesində də professor olimpiadalarda iştirakımın müsbət hal olduğunu vurğuladı”.

 

O, London İmperial Kollecində (İmperial College London) 2022-2026-cı illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil alacaq. Dövlətin onlara yaratdığı bu imkanı dəyərləndirən Sadiq sözlərinə əlavə edib: “Maddiyyat qayğısı çəkmədən dünyanın qabaqcıl universitetində təhsil almaq istəyir. Dövlət proqramı daxilində bütün təhsil, yaşam, səyahət, sığorta və s. xərcləri qarşılanır. Dövlətin respublika olimpiadalarının təşkilində və beynəlxalq olimpiadalara hazırlıqda rolunu da qeyd etmək vacibdir. Təhsil müddətində ixtisasıma mükəmməl yiyələnib mütəxəssis kimi vətənə faydalı olmaq istəyirəm”.

 

“Olimpiadalar üçün gecə-gündüz oxumağa dəyər və bu əziyyətin bəhrəsini görəcəksiniz”

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Cəlil Hüseynov 6-cı sinfə qədər 90 saylı orta məktəbdə, 7-ci sinifdən isə FRİTL-da təhsil alıb. Artıq 5 ilə yaxındır ki, riyaziyyatdan olimpiadalara hazırlaşaraq bugünə qədər 3 dəfə yerli, 9 dəfə isə beynəlxalq olimpiadalarda qalib olub. Elə bu qalibiyyətlər onu dünya sıralamasında ümumilikdə 11, qəbul aldığı “Kompüter elmləri” ixtisası üzrə 6-cı yerdə olan Sinqapur Milli Universitetinə  (National University of Singapore) aparıb: “Qəbul aldığım bu univeristetin qəbul faizi olduqca aşağıdır (5-7%). Lakin olimpiada qalibi olmaq bu faizi bir qədər yüksəldir. Beynəlxalq olimpiadalarda qazandığım medallar, xüsusən də Dünya Riyaziyyat Olimpiadasından (IMO 2022) qazandığım medal mənim qəbul olmağımda ən mühüm rol oynayan amillərdən biri, hətta deyərdim ki, 1-ci oldu. Top universitetlərə hər il 10 minlərlə tələbə müraciət edir. Lakin aydındır ki, universitet bu tələbələrin sadəcə bir qismini  qəbul edir və bu qismi müəyyən edən amillərdən biri də iddiaçıların digərlərindən fərqli olmasıdır. Olimpiadalar isə namizədin akademik sahədə daha fərqli və daha yaradıcı olduğunu göstərən amillərdən biridir. Elə məhz buna görə də universitetlər olimpiadaçılara daha çox üstünlük verir.

 

Ancaq bir şeyi də qeyd etmək istərdim ki, bəzən şagirdlərə olimpiadalar universitetə qəbul üçün bir vasitə kimi görünür. Düzdür, olimpiadanın bu kimi üstün cəhəti olsa da, bu, onun insana verdiyi xeyli üstünlükdən sadəcə biridir. Olimipiadalar insana daim bir-birinə dəstək olan, eyni zamanda bir- biri ilə rəqabətdə olan bir mühit yaradır və bu mühitdə olan birinin özünü təkmilləşdirməməsi mümkün deyil”.

 

Son olaraq, o, yaşıdlarına iradəli, mübariz olmağı məsləhət görüb: “Şagirdlər yüksək nəticə əldə etmək istəyirlərsə, onlara olimpiadalarla məşğul olmağı tövsiyə edərdim. Olimpiadalar üçün gecə-gündüz oxumağa dəyər və inanın ki, sonda bu əziyyətin bəhrəsini görəcəksiniz. Gec ya tez, mütləq görəcəksiniz”.

 

“İki universitetdən qəbul almışam”

 

Elə uşaq ikən elmə, təhsilə, araşdırmağa meyili olan Selcan Şəfizadə Bakı Fransız Məktəbi, Bakı Xoreoqrafiya Akademiyasının şagirdi olub. Daha sonra 6-cı sinifdə oxuyarkən imtahandan uğurla keçərək FRİTL-ə oxumağa davam edib. Hazırda 11-ci sinif şagirdidir. Fənnlərin sayı artdıqca maraq dairəsi də artıb, ilk əvvəl riyaziyyat, sonradan kimya və biologiya elmlərinə maraq onu olimpiada iştrakçısına çevirib. 2 il ardıcıl Lütfizadə Məntiq Olimpiadasında final sertifikatlarına layiq görülüb.

 

Bəli, Selcan da qürurla dilə gətirilən şagirdlərdəndir ki, onun da xarici universitetə qəbul xəbərini aldıq. Ona nə az, nə çox 2 universitetdən qəbul gəlib: “Sevdiyim fənlərlə yanaşı digər fənləri tədris edən müəllimlərimiz sayəsində elmə, təhsilə olan həvəsimiz daha da artıb. Dərslərə məsuliyyətli yanaşmağım, aktiv şagird olmağım, elmə olan sevgim məni böyük uğura apardı. Bunun nəticəsidir ki, 2 universitetə, University of British Columbia (Kanada) və Georgia İnstitute of Technology (ABŞ)-a qəbul almışam, Ecole Polytechnique de Paris (Fransa)-dan isə müsahibə gəlib”.

 

Selcan bir çox beynəlxalq  və yerli olimpiadalarda, nailiyyət əldə edib. O, 2021-ci ildə Respublika Kimya Olimpiadasında, 2022-ci ildə 19-cu Beynəlxalq Yeniyetmələr üzrə Elm Olimpiadasında (İJSO) 3-cü yerə, Beynəlxalq STEM Olimpiadasında riyaziyyatdan Digital Gümüş Medala layiq görülüb.

 

9-cu sinifdən Kimya Olimpiadasında olan nailiyyətinə görə, Azərbaycanda bütün universitetlərə ixtisasına uyğun müsabiqədənkənar qəbulu var: “Azərbaycanda istənilən universitetə ixtisasım üzrə qəbul alma şansım olduğu üçün DİM imtahanına qatılmamışam”.

 

“Dünyanın məşhur universitetinin tələbəsi oldum”

 

 

 

10 yaşından başlayaraq olimpiadalara qatılan Fidan Qarayeva FRİTL-ın 11-ci sinif şagirdidir. Onun riyaziyyata olan marağının bir səbəbi də atası ilə bağlıdır: “Atam mənə riyaziyyat elmini uşaqlıqdan sevdirib, mütəmadi mənimlə məşğul olub. Bu elmə olan sevgi sonradan məni olimpiadalarda iştirak etməyimə sövq etdi və mən bir çox uğurlara imza atdım. İlk beynəlxalq medalımı 13 yaşım olanda Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazandım. 2022-ci ildə Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl, Dünya Riyaziyyat Olimpiadasında bürünc medal aldım. Mənim riyaziyyat elmi ilə yanaşı, informatika fənninə olan marağım da o fənn üzrə olimpiadalarda iştirak etməyimə gətirib çıxardı. Belə ki, 2022-ci ildə Avropa Qızlar İnformatika Olimpiadasında bürünc medal, eyni zamanda Respublika Fənn Olimpiadasında riyaziyyat və informatika fənni üzrə qızıl medala layiq görüldüm. Ümumilikdə Respublika Fənn Olimpiadasından 3 qızıl, 2 gümüş medal, Beynəlxalq Olimpiadalardan 3 qızıl, 6 gümüş, 8 bürünc medal, 2 həvəsləndirici mükafat əldə etmişəm. Məhz bu olimpiadalarla mən dünyanın məşhur universitetinin tələbəsi oldum”.

 

 

“Olimpiadalar mənim yol xəritəmi müəyyənləşdirdi”

 

 

Dəniz Səttarlı Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdidir. 9-cu sinifdən etibarən olimpiadalarda özünü sınayıb, ilk dəfə Respublika fənn olimpiadalarında qızıl medal qazanıb. Daha sonra isə o, olimpiadada iştirak çevrəsini genişləndirərək, həm beynəlxalq, həm də yerli olimpiadalara qatılıb: “9-cu sinifdə bu yola addım atanda uyğunlaşmaq bir müddət çətin oldu. Çünki məktəb proqramında tətbiq olunan oxuma vərdişlərini bir qədər dəyişdirməyimiz və daha çox çalışmağımız lazım gəldi. Bir müddət sonra beynəlxalq komandaya seçildikdən sonra daha böyük bir məsuliyyəti üzərimə götürdüm. Belə ki, dünyadakı ən güclü uşaqlarla yaxşı səviyyədə yarışa bilmək üçün günün çox hissəsini olimpiada ilə məşğul olmalı, bütün fikrimi ona fokuslamalı idim. Olimpiada dərsləri zamanı ildə 2 dəfə bizə düşərgələr təşkil olunur və bu müddət ərzində dərslər daha intensiv olur. Olimpiadalar mənə çox kömək oldu, mənim yol xətirəmi müəyyənləşdirdi”.

 

O, Amerikada oxumaq haqqında 6-cı sinifdən bəri düşünüb. Bu, onun üçün bir xəyal idi. İndi isə o reallığa çevrilib: “Hər olimpiadada iştirakım mənim zamanla həyata baxış bucağımı dəyişdirdi. Hər şeyin mümkünlüyünə inandırdı. Və əlbəttə budur, mən dünyanın ən yaxşı universitetlər sırasında olan Massaçusets Texnologiya İnstitutunun (Massachusetts İnstitute of Technology -MİT) tələbəsiyəm. Özümü çox şanslı hiss edirəm. Dövlətin bizə yaratdığı bu şəraitə görə təşəkkürümü bildirirəm”. 

 

 

Tünzalə QULİYEVA