Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Şəhid ailələri, müharibə qazilərinin iştirak etdiyi tədbirdə əvvəlcə universitetin foyesində təşkil olunan sərgiyə baxış keçirilib. Sərgidə Abşeron rayonunda fəaliyyət göstərən orta təhsil müəssisələrinin şagirdlərinin soyqırımla bağlı əl işləri nümayiş olunub.

 

Tədbirdə çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə xalqımıza qarşı tarix boyu məqsədyönlü, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinə diqqət çəkib. Mart soyqırımlarının öz amansızlığına və miqyasına görə, bütövlükdə bəşər tarixində ən qanlı faciələrdən olduğunu söyləyən H.Məmmədov sovet dövründə tarixin təhrif edildiyini,  əsl həqiqətlərin, erməni qəsbkarlarının xalqımıza, bəşəriyyət əleyhinə törətdikləri çoxsaylı cinayətlərin gizlədildiyini bildirib.

 

Ermənilərin xalqımıza qarşı soyqırımlarının ölkə hüdudlarından kənarda tanıdılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan rektor qeyd edib ki, Ümummilli Liderin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla faciəyə siyasi qiymət verilib.

 

Ermənilərin törətdikləri genosid aktlarının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində dövlətimiz tərəfindən davam etdirilən fəaliyyətə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə diqqət çəkən rektor əlavə edib ki, erməni vəhşiliklərini dünyaya çatdırmaq, eləcə də soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədilə dövlət başçımızın 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“ yaradılıb.

 

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabının 2020-ci ilin sentyabrında başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində verildiyini vurğulayan H.Məmmədov gənclərə tarixin bütün məqamlarını, xalqımızın keçmişdə hansı fəlakətlərlə üz-üzə qaldığını dərindən öyrənmələrini tövsiyə edib.

 

Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarını diqqətə çatdıraraq, tarixi yaddaşımızda yer alan qanlı səhifələrin məhz erməni vandalları tərəfindən aparılan işğalçı siyasətin tərkib hissəsi olduğunu deyib. 31 mart soyqırımı zamanı on minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyini bildirən G.Rəhimova həmin dövrdə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklərdən, günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən ətraflı danışıb. Tarixi zəfərlə başa çatan Vətən müharibəsində xalqımıza qarşı törədilən bütün cinayətlərə layiqli cavab verildiyini deyən icra başçısının müavini bizə şanlı qələbəni bəxş edən şəhidlərə, qazilərə ölkə Prezidentinin rəhbərliyi ilə göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.

 

Ermənilərin davamlı genosid və işğalçılıq siyasətindən bəhs edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısının alınması istiqamətində konkret addımlar atdığını , Şanlı Zəfərlə buna son qoyulduğunu bildirib. Təşkilat sədri bu tarixi qalibiyyətin qazanılmasında borclu olduğumuz şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını deyib.

 

Şəhid anaları, müəllimələr - Elçin Həsənlinin anası Xatirə İsmayılova və  Şamil Nəcəfovun anası Gülşən Qazanxanova da ermənilərin əsrlər boyu xalqımıza qarşı ardıcıl şəkildə yürütdüyü terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətini faktlarla qeyd ediblər. Vətən müharibəsi ilə bu faciə qurbanlarının qısasının alındığını deyən şəhid valideynləri tələbələrə tövsiyələrini verib, onların Vətənə bağlı, bilikli, vətənpərvər gənc nəsil kimi formalaşmaları üçün üzərlərinə düşən vəzifələri vurğulayıblar.

 

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın (THİK) sədri Ləman Şərifova da çıxış edərək, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı gənclər adından fikirlərini çatdırıb.