Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Rusiya Federasiyasının Həştərxan Dövlət Texniki Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib. 

 

Zoom platforması üzərindən təşkil edilən görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, ətraf mühitin dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, qrafika və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, memarlıq dizaynı və şəhərsalma kafedrası müdirinin müavini Şəhla Qəhrəmanova, Beynəlxalq şöbənin əməkdaşı Natiq Maqamalıyev, Həştərxan Dövlət Texniki Universitetindən isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yekaterina Vladimirovna, Əsas təhsil proqramları şöbəsinin müdiri Natalya Yurievna, memarlıq və dizayn fakültəsinin dekanı İrina Anatolyevna iştirak ediblər.

 

Görüşdə iki universitet arasında memarlıq və dizayn ixtisaslarında bakalavr səviyyəsi üzrə ikili diplom proqramı məsələsi müzakirə olunub. Müzakirələrdə AzMİU-nun memarlıq və dizayn ixtisasları üzrə mövcud ikili diplom müqavilələri və ümumilikdə universitetin bu istiqamətdə olan təcrübəsi diqqətə çatdırılıb.

 

Qərara alınıb ki, sözügedən ixtisaslar üzrə ikili diplom proqramının hazırlanması üçün işlərə başlanılsın, bununla bağlı mütəmadi görüşlər keçirilsin və fikir mübadiləsi aparılsın.