Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı başlayıb.

 

BDU-dan bildirilib ki, proqram 3 ay davam edəcək. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunacaqlar. BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

 

Təlimin ilk günü BDU-da keçirilib. “ARB 24 TV”nin direktoru Radik İsmayılov həm layihə iştirakçılarına, həm də jurnalistika fakültəsinin III kurs tələbələrinə təlim keçib.

 

Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq.

 

Qeyd edək ki, bu, Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 4 namizəd 2022-ci ilin oktyabrından rəsmi şəkildə işə götürülüb və hazırda onlar “ARB 24”də fəaliyyətlərini davam etdirirlər.