İsrailin Rison-le-Sion şəhərində  keçirilən  beynəlxalq “PASK LİNE israel Youth 2023” turnirində idmançılarımız qələbə qazanıblar. Badmintonçuların iştirakı ilə keçirilən turnirdə ölkəmizi təmsil edən idmançılar 4 qızıl və 1 gümüş medala sahib olublar.

 

Belə ki, yeniyetmə  badmintonçumuz Leyla Camalzadə ən yüksək nəticə nümayiş etdirərək  15 yaşadək idmançıların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanıb. Komanda təmsilçiləri olan Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclülər olublar.

 

Bu yaş  həddində  badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olublar. Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb.

  

13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə də komandamızın hesabına qızıl medal  yazdırıb.

 

Bu yaş həddində  badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə edə biliblər.

 

Sifai SƏFƏROVA