Ümumi təhsil müəssisələrində metodik işin qurulması məqsədilə Təhsil İnstitutu tərəfindən təşkil edilmiş “Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir.
 
"Azərbaycan müəllimi"nə institutdan verilən məlumata görə, 5 avqust tarixindən başlanılan təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeçiliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat müəllimləri iştirak edirlər.
 
Namizədlər təlimin indiyə qədər olan hissəsində XXI əsr bacarıqları, şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun olaraq təlimin müxtəlif komponentlərinin diferensiallaşdırılması, şagirdlərdə təfəkkürü inkişaf etdirən tapşırıqları hazırlamamaq məqsədilə interaktiv fəaliyyətlərdə iştirak edib və tapşırıq nümunələri, gündəlik planlaşdırma nümunəsi hazırlayıblar. Praktik əsaslı təlimdə müəllimlər verilən tapşırıqları yerinə yetirir, aktiv müzakirələrdə iştirak edir, real situasiyalara əsaslanan problem əsaslı öyrənmə vasitəsilə bacarıqlarını təkmilləşdirirlər.
 
İnteraktiv şəkildə keçirilən təlimdə müdavimlərlə aktiv müzakirələr aparılır, situasiyalara əsaslanan praktiki məşğələlər keçirilir, eləcə də metodistlik fəaliyyəti istiqamətində atılacaq addımlar barədə tövsiyələr verilir.
 
Təlimin növbəti günlərində müdavimlərdə idarəetmə, liderlik və metodist fəaliyyəti üçün zəruri olan digər bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.