Magistrantların VI Respublika elmi konfransı keçirildi


Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində magistrantların ənənəvi Respublika elmi konfransı öz işinə başlayıb. Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ölkəmizdə təhsil alan çinli magistrantların iştirakı ilə təşkil edilən müzakirələr “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar” mövzusunda qurulub. Bu gün də davam edəcək konfrans ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

 

Konfransda çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, indiyədək “Elm günü”nə həsr olunan magistrantların elmi konfransı bu il ilk dəfə ənənəsindən kənara çıxdı. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə Pedaqoji Universitetdə altıncı dəfə keçirilən Magistrantların Respublika elmi konfransı da Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

 

C.Cəfərov xüsusən dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında baş verən keyfiyyət dəyişikliklərinə toxunaraq müasir Azərbaycanın qurucusunun rəhbərliyi ilə təhsil sahəsində aparılan işlərdən danışıb. Dahi şəxsiyyətin başladığı və müasir dövrdə də davam edən inkişafın nəticəsidir ki, Azərbaycan Dövlət Pedaqoi Universiteti elm və təhsilimizin inkişafına öz töhfələrini verməyə çalışır: “Son illərdə aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr doğma universitetimizin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. Artıq fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Ona görə də magistrantlarımızın üzərinə böyük məsuliyyət düşür. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, müasir rəqəmsal bilikləri, aparıcı xarici dilləri dərindən öyrənməli, vətənpərvər olmalıdırlar”.

 

Rektor magistratura və doktorantura səviyyələrində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədi ilə ardıcıl tədbirlərdən və onun nəticələrindən danışıb: “Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində 22 ixtisas üzrə 26 ixtisaslaşmada 684 nəfər magistratura səviyyəsində təhsil alır. MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq. Menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirdiyimiz ikili diplom proqramı üzrə ilk buraxılışımız isə ötən il oldu”.

 

Konfransın builki mövzusunun da universitetdə kadr hazırlığına başlanan yeni ixtisaslardan qaynaqlandığını əsaslandıran rektor yeni istiqamətlərin daha da genişləndiriləcəyini bildirib: “Əvvələr universitetimiz, sadəcə müəllim hazırlığı ilə məşğul olurdu. Artıq həm də təhsilin idarə edilməsi, qiymətləndirilməsi və dünyada qəbul olunmuş başqa istiqamətlər üzrə də işlərə başlamışıq və bu prosesi daha da sürətləndirəcəyik. “Təhsilin keyfiyyəti” anlayışının sürətlə dəyişdiyi bir dövrdə yeni təfəkkür tərzinə malik şagirdlərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tədqiqatçıları və gənc müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Bu cür konfranslarda dövrün ən son problemləri müzakirəyə çıxarılmalı, magistr dissertasiya mövzularında ən aktual məsələlər elmi müzakirəyə cəlb olunmalıdır”.

 

Fizika-riyaziyyat elmləri doktoru, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı illərdə elm, təhsil sahələrində gedən inkişafa diqqət çəkib: “1970-ci ildən başlayaraq Azərbaycana gərəkli, lakin hazırlanması çətin olan ixtisaslar üzrə mütəxəssis hazırlığında yeni dövr başlandı. SSRİ-nin ən qabaqcıl elm və təhsil mərkəzlərində, universitetlərində təhsil almağa ən istedadlı azərbaycanlı gənclərin göndərilməsini mühüm əhəmiyyətə malik bir hadisə kimi qiymətləndirmək lazımdır. Əgər 1969-cu ildə Azərbaycandan bu məqsədlə göndərilənlərin sayı təxminən 50 nəfər idisə, 1982-ci ildə bu göstərici 1200-dən çox oldu. Bu siyahıda respublikamızın ali məktəblərinin yuxarı kurslarından göndərilənləri, stajkeçməyə, təkmilləşməyə, aspiranturaya və doktoranturaya göndərilənləri də nəzərə alsaq, bu göstərici hər il üçün 1500-ə çatırdı”.

 

Prorektor Ulu Öndərin elmə töhfəsini də rəqəmlərlə göstərib: “Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə elmlər doktoru və elmlər namizədlərinin sayı 1.7 dəfə artıb. Həmin dövrdə elmi-texniki tərəqqini müəyyən edən ixtisaslar, xüsusilə elmlərin qovşağında olan nadir ixtisaslar sahəsində alimlərin sayının artması da qürurvericidir”.

 

Müasir təhsilin problemlərinə də toxunan A.Zamanov çıxışında ADPU-da magistr hazırlığına yer ayırıb: “Magistr hazırlığı istiqamətində ADPU-da görülən işlər universitetimizin brend istiqamətlərindən biridir”.

 

Prorektor deyib ki, universitetdə yaradılan təhsil menecimenti kafedrasında əsaslı işlər görülür: “Hər qurumun uğuru rəhbərindən asılıdır. İndiyə qədər bu sahəyə diqqət edilməyib. Artıq ADPU-da təhsil müəssisələri üçün idarəedici kadrlar hazırlanır. Həmin kadrlar təhsil menecmenti kafedrasında idarəetmə təcrübəsi keçirlər. Bu konfransın təşkilində də məhz həmin magistrantlar fəallıq göstəriblər”.

 

Magistrantlar üçün universitetdə yaradılan şərait də önəmlidir. “Magistrant öz dissertasiya işinin nəticələrinə həsr edilən elmi məqalə çap etməlidir. Bu şəraiti yaratmaq üsullarından biri də məhz bu konfransdır”, - deyən prorektor 2021-ci ildə ilk dəfə magistratntlar üçün təsis edilən “Magistrant” jurnalının fəaliyyətinə toxunub: “Jurnalın redaksiya heyətində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Nerft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin nümayəndələri - professor-müəllimləri, tanınmış mütəxəssislər təmsil olunur. Magistrantdan çap tələb edir və bunun üçün onlara şərait yaradırıq. Jurnalda ancaq magistrantların işi dərc olunur”.

 

İndiyədək keçirilən konfransların materiallarının çap olunduğunu qeyd edən prorektor Magistrantların 6-cı konfransında təşkil edilən Sərgidə əvvəlki illərin materiallarının və “Magistrant” jurnalinin işıq üzü görmüş artıq 8 nömrəsinin də sərgiləndiyini deyib: ““Magistrant” jurnalının hər il 4 nömrəsi çap olunur. Jurnalda həm də başqa universitetlərdə, o cümlədən xarici ölkələrin universitetlərində təhsil alan magistrantlar çap olunur. Fəaliyyətinin genişlənməsini nəzərə alaraq dövri nəşrin sayını 6-ya çıxaracağıq. Bu il üçün artıq 2 sayı nəşr olunub və bu, uğurlu nəticədir”.

 

Konfransda ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov çıxış ediblər. Çıxışçılar dahi şəxsiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi fəaliyyətə xüsusi yer ayırıblar.

 

Təhsildə strateji idarəetmə, İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsildə sosial-psixoloji xidmət, Tədrisin müasir problemləri elmi bölmələrində müzakirələr bu gün də davam edir.

 

Yekunda elmi məruzələr seçiləcək və topluya daxil ediləcək, tezislər konfrans materiallarında nəşr olunacaq.

 

Ruhiyyə DAŞSALAHLI