Alman-Azərbaycan Xarici Ticarət Palatasının “İnsan Resursları və Peşə Təhsili və Təlimi” İşçi Qrupu çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə Palatanın üzv şirkətləri arasında görüş keçirilib. İşçi qrupun iclasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsil müəssisələrinin rəhbərləri, o cümlədən turizm, sənaye, kommunikasiya, maliyyə və digər sektorlardan olan işəgötürən təşkilatların nümayəndələri iştirak ediblər.

      

Tədbir zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Ceyhun Kərəmov "Peşə təhsilində dövlət-özəl əməkdaşlığı: imkanlar və çağırışlar" mövzusunda təqdimatla çıxış edib. Agentlik rəhbəri qeyd edib ki, peşə təhsili sisteminin inkişafında işəgötürənlərlə  səmərəli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. C.Kərəmov, həmçinin son illərdə dövlət investisiyası hesabına həyata keçirilən infrastruktur layihələri haqqında da işəgötürənlərə məlumat verib. Diqqətə çatdırılıb ki, cari tədris ilində 800-ə yaxın tələbə dual peşə təhsili modeli əsasında təhsili alır. Bu prosesə ümumilikdə 70-dən çox işəgötürən cəlb edilib.

     

Görüş zamanı, həmçinin peşə təhsilində işəgötürənlərin rolu haqqında müzakirələr aparılıb, özəl sektor nümayəndələrinin təklif və rəyləri dinlənilib. Bu prosesdə peşə təhsil müəssisələri ilə özəl sektor arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasının əhəmiyyəti qeyd edilib.