Ukrayna müharibəsində həlak olan uşaqların sayı 500 nəfəri ötüb, minə yaxın uşaq isə yaralanıb.

 

UNICEF-in məlumatına görə, bu, rəsmi təsdiqini tapan rəqəmlərdir və həyatını itirən uşaqların real sayı xeyli çox ola bilər.

 

Uşaqlar arasında ən çox ölüm halları Donetsk vilayətində, həmçinin uzunsürən ağır döyüşlərin getdiyi Xarkovda qeydə alınıb. Ölümlərin böyük hissəsi partlayışlar, ilk növbədə, Rusiya tərəfindən yaşayış məntəqələrinə endirilən kütləvi raket, aviasiya, artilleriya zərbələri nəticəsində baş verib.

 

İtkin uşaqlar

Rusiyanın hərbi təcavüzü səbəbindən 100 minlərlə uşaq Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Onların bir hissəsi Qərb ölkələrinə getsə də, ən azı 730 min azyaşlı ukraynalı Rusiyaya aparılıb (Moskva tərəfinin məlumatı-red.). Dünya ictimaiyyəti və Ukrayna baş verənləri “uşaqların qanunsuz yerdəyişməsi” - faktiki olaraq deportasiya hesab edir. Martın 17-də Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların “sistematik deportasiyası” ittihamı ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin və RF prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.

 

Azərtac