Aşqarlar Kimyası İnstitutunun alimləri “Kiçik Akademiya”nın üzvləri ilə görüş keçiriblər


Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi 7 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri ilə görüş keçirib. “Kiçik Akademiya”nın Kimya dərnəyinin son bir ildə gördüyü işlərin təqdimatına həsr olunan tədbirdə çıxış edən məktəbin direktoru Könül Təhməzova bildirib ki, “Kiçik Akademiya”nın fəaliyyətinin əsas məqsədi məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir: “Bu fəaliyyət nəticəsində  elmi-tədqiqata meyilli olan istedadlı şagirdləri aşağı yaş qruplarında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparılmasına nail olundu”.

 

K.Təhməzova qeyd edib ki, “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri sırasında məktəbli tədqiqatçıların universitet və elmi tədqiqat institutlarının müvafiq tədqiqat laboratoriyalarına ekskursiyaları, eləcə də institutlarla əməkdaşlıq, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərə dəstək verməsi xüsusi yer tutur: “Aşqarlar Kimyası İnstitutuna bu yaxınlarda bir qrup şagirdin ekskursiyası böyük marağa səbəb olub. Şagirdlərin laboratoriyaların maddi-texniki bazası ilə tanış olması, bir çox təcrübələri əyani müşahidə etmələri onların kimya elminə marağını artırıb, Kimya dərnəyinə yazılan istedadlı şagirdlərimizin sayını artırıb”.

 

Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev deyib ki, istər belə görüşlər, istərsə də şagirdlərin institut laboratoriyalarına ekskursiyası təkcə universitetlər deyil, həm də məktəblərdə elmlə təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addımdır: “Nəzərə alsaq ki, əsl istedadlar məktəblərdədir və onları aşağı yaşlarda aşkara çıxarmaq lazımdır, o zaman elmi tədqiqat müəssisəsi olaraq biz də maraqlıyıq ki, bu yollarla elmə istedadlılar gəlsin, davamçılarımız yetişsin, gələcəkdə bizləri əvəz etsinlər”.

 

V.Fərzəliyev istedadlı şagirdlərin elmə istiqamətlənməsi yolunda 7 saylı tam orta məktəbin “Kiçik Akademiya”, ayrı-ayrı fənn dərnəkləri vasitəsi ilə görülən işləri yüksək qiymətləndirib, bundan sonra da məktəbə rəhbərlik etdiyi institut alimləri tərəfindən dəstək veriləcəyini vurğulayıb.

 

İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, Kataliz və Qeyri üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov çıxışlarında söyləyiblər ki, “Sabahın alimləri” müsabiqəsi, “Bu günün şagirdi, sabahın alimi” layihələri çərçivəsində elmi tədqiqat institutları və onların alimləri tərəfindən istedadlı şagirdlərə həmişə kömək göstərilib, bundan sonra da göstəriləcək.  

 

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Rumiyyə Camalovanın rəhbərlik etdiyi Kimya dərnəyi üzvlərinin hazırladıqları bir çox “əyləndirici, öyrədici təcrübələr” nümayiş olunub.