Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

 

AzMİU-nun memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova qonağı fakültənin tədris auditoriyaları, Rəsm Qalereyası ilə tanış edib, fakültədə olan yenilikləri onun diqqətinə çatdırıb.

 

Daha sonra Oğuz Ceylan İtaliya-Azərbaycan Dizayn Mərkəzində fakültənin professor-müəllim heyəti, tələbələri üçün seminar keçib.

 

Professor Oğuz Ceylan “Türkiyədə müasir mühafizə təcrübələri” adlı mühazirə deyib. Alim Türkiyədə apardığı bərpa işlərindən danışıb. Memar abidələrin bərpası layihələrinin ilkin eskizinin hazırlanması, abidələr haqqında arxiv materiallarının yığılması, mərhələli şəkildə görülməli olan digər məsələlər  ətrafında fikirlərini bölüşüb. Özünün iştirakı ilə dünyanın ən böyük saray-muzey kompleksi Topqapı Sarayı, Misir Bazarı, Fatih Məscidi və digər tarixi məkanların bərpa mərhələlərini prezentasiya ilə təqdim edib. Azərbaycan və ənənəvi türk memarlığı arasında güclü bağların olduğuna, bu sahədə aparılan tədqiqat işlərində birgə fəaliyyət göstərməyin vacibliyinə toxunub.

 

Məlumat üçün qeyd edək ki, Oğuz Ceylan artıq bir neçə gündür, Azərbaycandadır. O, bölgələrimizi gəzib, Şəki şəhəri və İsmayıllı rayonunun Basqal kəndində memarlıq abidələri ilə tanış olub. Qonaq UNESCO-nun xətti ilə İçərişəhərdə də  görüşlər keçirəcək.