Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfədir, “HE Higher Education Ranking” sisteminə daxil olub və 6207 balla 37-ci yerdə qərarlaşıb.

 

Universitetdən bildirilib ki, ali təhsil müəssisələrini xüsusi meyarlara, ali təhsil müəssisələrinin fəaliyyətinin və nəticələrinin yaxşılaşdırılmasına töhfə verən fəaliyyət göstəricilərinə görə sıralayan elmi, akademik və tədqiqat reytinqi qurumu olan “HE Higher Education Ranking” 2023-cü il üçün reytinq cədvəlini tərtib edib. 

 

Reytinq akademik şəffaflığın və azadlığın dəstəklənməsinə, məlumat və faktlara çıxışın təmin edilməsinə, ali təhsil müəssisələrinin mədəni, sosial və elmi təsirinə nail olunmasına, sosial bərabərliyin təşviqinə, ali təhsil müəssisələrində ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına əsaslanır. Reytinq universitetin bütün səviyyələrdə 25 meyar və 163 fəaliyyət göstəricisi üzrə ölçülməsini əsas götürür, beləliklə, universitetin inkişafını və təkmilləşdirilməsini, əlavə dəyər qazanmasını təmin edir.

 

Qeyd edək ki, Azərbaycandan 5 ali təhsil müəssisəsinin daxil olduğu reytinq cədvəlində ölkə üzrə AzMİU 1-ci yerdədir.