Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə (BBMM) Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Mərkəzdən bildirilib ki, memorandumun məqsədi elmi-tədqiqat sahəsində, ictimai həmrəylik və vəhdət sahəsinə metodoloji və ekspert dəstəyinin göstərilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.

 

Memoranduma əsasən,  elmi şöbələr arasında əlaqələr qurulacaq, qarşılıqlı şəkildə razılaşdırılmış mövzular üzrə birgə araşdırmalar aparılacaq, qarşılıqlı səfərlər təşkil olunacaq, onlayn və oflayn formatlarda elmi seminarlar, təlimlər, konfranslar, dəyirmi masalar keçiriləcək. Həmçinin, etnik münasibətlərin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi, metodologiya, etnik vəziyyətin təhlili, dövlət orqanları üçün proqnozların və tövsiyələrin işlənib hazırlanması prosesi çərçivəsində birgə fəaliyyət göstəriləcək. Mədəni, mənəvi və milli dəyərlərin, etnik həmrəyliyin qorunub saxlanması və möhkəmləndirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Tərəflər birgə tədbirlər, təcrübə mübadiləsinin təmin olunması məqsədilə elmi işçilər üçün təcrübə kursları təşkil edəcək, elmi-tədqiqat proqramlarına və layihələrinə, o cümlədən dövlət qrant müsabiqələrinə və proqramlarına qoşulacaqlar.