Rektor:”Əminəm ki, bu, bizə gələcəkdə daha böyük regionu öyrənməyə imkan verəcək”


Bakı Slavyan Universitetində (BSU) yeni kafedra - Balkanşünaslıq kafedrasının açılması ilə bağlı məsələ müzakirə olunub.

 

BSU-nun rektoru Anar Nağıyev bildirib ki, universitet beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması, peşəkar mütəxəssislərin, həmçinin tərcüməçilərin yetişdirilməsi məqsədilə Balkan ölkələrini əhatə edən Cənubi Slavyan istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirən unikal ali təhsil müəssisəsidir.

 

Avropanın cənub-şərq hissəsi olan Balkanlara Türkiyə, Albaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, Yunanıstan, Makedoniya, Rumıniya, Serbiya, Sloveniya, Xorvatiya və Monteneqro daxildir:”Balkanlar bir çox millət və dinə aid insanların yaşadığı bir coğrafi bölgədir. Bu ölkələrin hər biri ilə Azərbaycan Respublikasının müxtəlif səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələri qurulub. Universitetimizdə “Tərcümə” və “Regionşünaslıq” ixtisaslarında bu coğrafi istiqamətdə türk, bolqar və yunan dillərinin tədrisi təşkil olunub”.

 

“Yenilənən dünyada təhsildə yeni yanaşma və standartların formalaşması son dərəcə vacib amillərdəndir. Regionlar üzrə ixtisaslı mütəxəssisləri yetişdirmək, mövcud siyasi –iqtisadi durumu özündə əks etdirən məzmunu əhatə edən uyğun təhsil proqramlarını həyata keçirmək tədrisimizin ümdə məsələsinə çevrilib. Məhz bu rakursdan humanitar və sosial elmlər fakültəsinin və tərcümə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların bazasından istifadə etməklə, balkanşünaslıq kafedrasının açılması qərara alınıb.
Bu, həm də öz növbəsində balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların BSU-da bu ixtisaslar üzrə tədris prosesinə cəlb olunmasına imkan yaradacaq”-deyə rektor Elmi Şuranın müzakirələrində qeyd edib:”Əminəm ki, bu, bizə gələcəkdə daha böyük regionu öyrənməyə imkan verəcək. Məqsəd sadəcə, regionu öyrənmək deyil, həm də hazırladığımız kadrların geniş potensiala sahib olmasıdır”.