Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallara məqalələrin yazılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.

 

Təqdimatla çıxış edən institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirib ki, bu mövzularda keçirilən seminarlar akademik elmlə məşğul olmağa yeni başlayan gənc tədqiqatçılar – doktorant, dissertant, magistrantlar üçün böyük əhəmiyyət daşıyır. Çünki onlar həm nəzəri biliklər əldə etmək, həm tədqiqat aparmaq bacarıqları və vərdişləri mənimsəməklə yanaşı, həm də əldə etdikləri elmi nəticələrin məqalə şəklində yazılması, dərc edilməsi qaydalarını öyrənmiş olurlar.

 

Ə.Sucayev qeyd edib ki, çox-çox əvvəllər dünyanın aparıcı elm mərkəzləri, elmi bazaları və elmi jurnalları ilə beynəlxalq əməkdaşlıq mümkün olmurdu: “1965-ci ildən fəaliyyət göstərən Aşqarlar Kimyası İnstitutunun alimləri sovet və müstəqilliyimizin ilk illərində elmi əsərlərini ən yaxşı halda Rusiya jurnallarında dərc etdirirdilər. Həmin jurnalların bəziləri istisna olmaqla, əksəriyyəti indinin özündə açıq akademik sistemlərdə görünmür. Ona görə də sovet dövründə nəşr olunan məqalələrə dünya alimləri tərəfindən istinad edilməsi mümkün olmamışdır”.

 

Alim bildirib ki, bu mövzuda təqdimat Elsevier, Springer, Wiley, Taylor&Francis, Web of Knowledge nəşriyyatlarının nəşr tələbləri və tövsiyələri əsasında hazırlanıb.

 

Ə.Sucayev vurğulayıb ki, həm elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması, həm də dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsi üçün qoyulan tələb və qaydalara düzgün əməl etmək lazımdır, həmçinin məqalələrin dünyanın aparıcı elmi bazalarında (“Web of Science”, “Scopus”) arxivləşən jurnalların tələblərinə uyğun tərtib olunub yayınlanması üçün bu seminarın müsbət rolu olacaq.

İ

craçı direktor seminar iştirakçılarına məqalələrin dünyanın ən məşhur nəşriyyatlarının müxtəlif, yüksək impakt faktorlu, nüfuzlu jurnallarının qaydalarına uyğun şəkildə tərtib olunması, xarici dildə səlis və qrammatik nöqteyi-nəzərdən səhvsiz yazılması, həmin jurnallara onlayn formatda göndərilməsi qaydaları haqqında müfəssəl məlumatlar verib.

 

İcraçı direktor deyib ki, institutda çalışan alimlərin məqalələrinin yüksək indeksə malik jurnallarda nəşrinin artırılmasına bir sıra dəstək tədbirləri həyata keçirilir və bundan sonra belə maarifləndirici seminarlar da mütəmadi davam etdiriləcək.

 

Təqdimat zamanı gənclərin sualları da cavablandırılıb.