Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə çərçivəsində  “Macarıstanın tarixi və memarlıq irsi”  adlı sərgi açılıb. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Macarıstanın Azərbaycandakı səfiri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək fotosərginin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğetmə baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan-Macarıstan dostluq və diplomatik əlaqələrindən, mədəniyyətlərin bənzərliyindən danışan rektor Macarıstan memarlığının özünəməxsusluğuna diqqət çəkib.

 

Professor G.Məmmədova təqdim olunan fotoların sərgi iştirakçılarının, xüsusilə tələbələrin bu ölkə ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacağını vurğulayıb.

 

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bu tip tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib.

 

Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov  AzMİU rəhbərliyinə və səfirə, eləcə də digər qonaqlara təşəkkür edib, sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib.

 

Rəsmi hissə bitdikdən sonra sərgi açıq elan edilib, qonaqlar fotosərgi ilə yaxından tanış olub.

 

Qeyd edək ki, sərgidə Macarıstanın 12 şəhərində lentə alınmış zəngin mədəni və tarixi irsi fotokompozisiya şəklində təqdim olunub. Fotosərgidə  Avropanın ən maraqlı və heyrətamiz gözəl ölkələrindən biri olan Macarıstanın mistik əfsanələri ilə dolu qəsrləri və qalaları, sarayları və təkrarolunmaz arxitekturası əks olunub.