S.Xristolyubov, "QS Quacquarelli Symonds" şirkətinin regional direktoru: “Azərbaycan müəlliflərinin elmi əsərlərinə olan istinadlar orta dünya göstəricisini üstələyir”


Müasir dövrdə hər bir ölkənin davamlı inkişafında ali təhsilin rolu durmadan artır. Ölkələrin rəqabətqabiliyyətliliyinin güclənməsində də universitet təhsili və ali məktəblərin elmi-tədqiqatçılıq fəaliyyəti mühüm rol oynayır. Bu sahədə əldə olunan tərəqqi həm də universitetin beynəlxalq reytinqlərdə mövqeyini şərtləndirir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunmuş  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası “na uyğun olaraq ölkəmizin ali təhsil müəssisələrinin qlobal reytinqlərdə irəliləməsi, eləcə də tədqiqat universitetlərinin yaradılması nəzərdə tutulub. Göstərilən hədəflərə necə nail ola bilərik? Ali məktəblərimizin beynəlxalq reytinqlərdə mövqeyini necə yaxşılaşdırmaq olar? Bütün bu suallara Böyük Britaniyanın "QS Quacquarelli Symonds"  agentliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

Azərbaycanda “3-800” layihəsinə start verilib

 

- “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ilədək üç Azərbaycan universiteti dünyanın ən yaxşı 800 ali məktəbi arasında təmsil olunmalıdır. Bu məqsədə çatmaq üçün nələrə diqqət etməliyik?

- İlk növbədə, qeyd etmək vacibdir ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycan universitetlərinin qlobal reytinqlərdə irəliləməsi istiqamətində müəyyən edilmiş Hədəf göstəricilər ölkənin intellektual potensialının tam açılmasına imkan verən resurs və imkanların yaradılması planlarının ciddiliyini göstərir.

 

Bənzər təşəbbüslər və proqramlar regionun digər ölkələrində də mövcud olub və indi də mövcuddur. Burada Rusiyanın  ən yaxşı 5 universitetinin qlobal reytinqin 100-lüyündə yer tutmasını nəzərdə tutan “5-100” layihəsi ilə Qazaxıstanın  2 ali təhsil müəssisəsinin qlobal reytinqin top 200-lüyündə yer tutmasını hədəfləyən, mütəxəssislərin  “2-200” adlandırdığı layihələr arasında paralellik aparmaq çətindir.  Ötən ilin yanvar ayında Özbəkistan Respublikası Prezidentinin fərmanı ilə “2022-2026-cı illər üçün yeni Özbəkistanın İnkişaf Strategiyası” təsdiq edildi, burada ölkənin 10 universitetinin 2026-cı ilə qədər nüfuzlu reytinqlərə daxil edilməsi vəzifəsi qoyuldu. Türkiyənin Ali Təhsil Şurası illik hesabatlarında Türkiyə universitetlərinin ən nüfuzlu universitet reytinqlərinin top-500-də iştirakına xüsusi diqqət yetirir.

 

Deyə bilərik ki, 2022-ci ildə Azərbaycanda ölkənin üç aparıcı ali məktəbinin dünyanın 800 ən yaxşı ali məktəbi sırasına daxil edilməsini nəzərdə tutan " 3-800" layihəsi başlamışdır. 

 

Bu günə qədər dünyanın ən yaxşı universitetlərinin (QS) reytinqində iki Azərbaycan universiteti iştirak edir: Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC). Bu universitetlər QS-in flaqman  reytinqinin 1001-1200 aralığında yerləşiblər. Bundan əlavə, bu il Azərbaycan universitetləri ilk dəfə olaraq dünyanın ən yaxşı universitetlərinin Subject reytinqinə (QS World University Rankings by Subject) daxil olub. Nəhayət, Avropanın və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı universitetlərinin (QS Emerging Europe and Central Asia University Rankings regional) reytinqində 7 Azərbaycan ali məktəbi iştirak edir.

 

Bundan əlavə, universitetin səkkiz fərqli kateqoriyada otuz indikator üzrə işinin ətraflı təhlilini nəzərdə tutan “QS Stars” proqramı ayrıca qeyd olunmağa layiqdir. Ötən il Qərbi Kaspi Universiteti bu proqramın metodologiyası üzrə müvəffəqiyyətlə auditdən keçib, “3 ulduz” - kifayət qədər yaxşı nəticə, həmçinin “Tədris və təlim” kateqoriyasında “5 ulduz” - ən yüksək qiymət  alıb.

 

Azərbaycan ali məktəblərinin nüfuzlu reytinqlərdə hazırkı mövqeyini nəzərə alaraq, 3 Azərbaycan ali təhsil müəssisəsinin “QS World University Rankings”-in  top 800 universiteti arasına daxil olması məqsədi olduqca iddialı görünür.  Bu  nailiyyət əsasən ayrı-ayrı Azərbaycan ali məktəbləri səviyyəsində universitetlərin akademik dairələrdə və işəgötürənlər icmalarında tanınmasının artması, elmi tədqiqatların və beynəlxalq elmi əməkdaşlıqların inkişafı, beynəlmiləlləşmə və akademik mobillik proqramlarının hazırlanması və həyata keçirilməsi yolu ilə onların qlobal rəqabət qabiliyyətinin artırılması məsələlərində bilik və bacarıqlara malik yüksəkixtisaslı kadrların mövcudluğundan asılıdır.

 

Elmi tədqiqatların inkişafı universitetin əsas missiyalarından biridir

 

- Digər bir məqsəd, yüksək tədqiqat potensialına sahib iki universitet əsasında iki tədqiqat universitetinin yaradılmasıdır. “Tədqiqat universiteti” statusu universitetlərimizin reytinqlərdə irəliləməsinə kömək edə bilərmi?

-  Təhsil, təlim  və cəmiyyətin inkişafına verdiyi töhfələrlə yanaşı, elmi tədqiqatların inkişafı universitetin əsas missiyalarından biridir. Buna görə də tədqiqat universitetlərinin yaradılması planlarını yalnız alqışlamaq olar, xüsusən də bunun üçün ilkin vacib şərtlər mövcuddur.

 

Bu barədə danışmaq hələ bir qədər tezdir, lakin “Scopus” beynəlxalq elmi platformasının birinci və ikinci rüblük elmi jurnallarında azərbaycanlı müəlliflərin nəşrlərinin payına dair məlumatları artıq ruhlandırıcıdır: bu ilin ilk üç ayında Azərbaycan tarixində ilk dəfə olaraq bu rəqəm 70%-i keçib! Eyni zamanda, ötən ildən başlayaraq Azərbaycan müəlliflərinin elmi əsərlərinə normalaşdırılan istinadlar, hətta öz-özünə istinadlar nəzərə alınmadan, orta dünya göstəricisini üstələyir.

 

Əgər universitetə “tədqiqat” statusunun verilməsi laboratoriya avadanlıqlarının alınması, beynəlxalq layihələrdə iştirak, prioritet istiqamətlər üzrə tədqiqatların aparılması və gənc alimlərin dəstəklənməsi üçün əlavə maliyyələşmə ilə müşayiət olunarsa, onda,  tədqiqat universitetləri, şübhəsiz ki, Azərbaycanın müasir elmi gündəliyə təsirinin daha da artırılmasında mühüm rol oynayacaq.

 

Elm və təhsilin inteqrasiyası zamanın diktə etdiyi bir zərurətdir

 

- Elm və təhsilin inteqrasiyası barədə nə düşünürsünüz? Bu tandem universitetlərimizin qlobal reytinqlərdə imkanlarına necə təsir edə bilər?

- Elm və təhsilin inteqrasiyası zamanın diktə etdiyi bir zərurətdir. Elmin akademik və universitetlərə bölündüyü yanaşma öz aktuallığını itirir. Bu çərçivədə elmi institutların və ali təhsil müəssisələrinin qarşılıqlı əlaqəsi ölkə miqyasında elmtutumlu yüksək texnoloji ekosistemin yaranması üçün güclü katalizator olmaq məqsədi daşıyır.

 

Daha əvvəl bəhs etdiyimiz nüfuzlu elmi nəşrlərdə iştirakın artmasına baxmayaraq, universitet müəllim və işçilərinin 90%-dən çoxu akademik yazı bacarıqlarının və ya maddi təşviqlərin olmaması səbəbindən elmi əsərlər dərc etdirmir. Bu, təəssüf ki, bölgəmizin bir çox universitetləri üçün xarakterikdir.

 

Elm və təhsilin daha sıx əlaqəsi elmi-tədqiqat işlərinə marağı artıra və daha çox istedadlı müəllimləri və perspektivli mütəxəssisləri daha geniş sahələrə cəlb edə bilər.

 

Bu inteqrasiya proseslərinin universitetlərin reytinqdəki mövqelərinə təsirinə gəldikdə, biz tez-tez deyirik ki, universitetin qlobal rəqabətqabiliyyətlilik binası qum üzərində, məsələn, müəllim və tələbələrin sayının nisbətində tikilə və ya elmi tədqiqatların möhkəm bir daş təməli üzərində inşa edilə bilər.

 

Ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılması məsələlərində elmin xüsusi rolu dünyanın ən yaxşı universitetlərinin QS World University Rankings reytinqinin yeni metodologiyasında öz əksini tapmışdır. Cari reytinq dövründən başlayaraq, bizim əsas reytinqimizi tərtib edərkən bir müəllim və əməkdaşa düşən sitatların sayı ilə yanaşı, beynəlxalq elmi əməkdaşlıq indeksinin köməyi ilə ölçülən xarici elm-təhsil dairələrində universitetin təmaslarının müxtəlifliyi də nəzərə alınacaq.

 

Bundan əlavə, bizim məlumatlarımız göstərir ki, yüksək elmmetrik göstəricilər institusional və regional QS reytinqləri metodologiyalarının bütün indikatorları arasında ali məktəbin ən çox çəkiyə malik olan akademik nüfuz indikatoru üzrə müsbət dinamikanı şərtləndirir.

 

- Bu məqsədlərə çatmaq üçün QS-in Azərbaycan universitetləri, ali təhsil sistemi ilə əməkdaşlıq etmək niyyəti və ya təşəbbüsləri varmı?

- Biz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə ölkənin aparıcı ali məktəblərinin informasiya-analitik təminatı üzrə layihə həyata keçiririk və bu layihə çərçivəsində altı universitet öz fəaliyyətinin müxtəlif aspektləri üzrə təşkilati, insan və maliyyə resurslarının bölüşdürülməsi barədə məlumatlı qərarlar qəbul etməyə imkan verən detallı hesabatlar və məsləhətlər alır.

 

Bizim ümumi vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanın aparıcı universitetlərinin rəhbərləri və ekspertləri reputasiya və elmmetrik göstəricilər, eləcə də beynəlmiləlləşmə göstəriciləri, akademik mobillik və müəllimlərin həm öz ali məktəblərində, həm də öz işlərində rəhbər tuta  biləcəkləri ali təhsil müəssisələrindəki təminat göstəriciləri haqqında ən aktual və yoxlanılmış məlumatlara çıxış əldə edə bilsinlər.

 

Beləliklə, Azərbaycan universitetləri ilə hədəf qrupun universitetləri arasında olan fərqlərin azaldılması və aradan qaldırılması üzrə praktiki tövsiyələr beynəlxalq reytinq agentliyinin ekspertizasına, dünyaşöhrətli universitetlərin ən yaxşı təcrübələrinə və müstəqil məlumatların təhlilinə əsaslanır.

 

İki Azərbaycan universitetini təbrik etmək olar

 

- Məlum olduğu kimi, yeni fənn reytinqində Azərbaycanın iki universiteti böyük uğur qazanıb. Bu uğuru hansı amillərlə izah edə bilərsiniz? Ümumiyyətlə, universitetlər QS-in fənlər üzrə reytinq sıralamasında (QS World Rankings by Subject) öz  mövqelərini necə inkişaf etdirə bilər?

- Həqiqətən, iki Azərbaycan universitetini 2023-cü ilin ən yaxşı universitetlərinin fənn reytinqlərində çox yaxşı debütü münasibətilə təbrik etmək olar. Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə profil fənn reytinqinin 301-340-cı aralığına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” üzrə profil fənn reytinqinin 501-530-cu diapazonunda yerləşib.

 

Bu nəticə, ilk növbədə, hər iki ali məktəbin nisbətən yüksək reputasiya göstəricilərinə görə mümkün oldu. Bu, illik reputasiya sorğularımızın gedişində xarici mütəxəssislərin dəstəyi sayəsində əldə edildi.

 

Fənn reytinqləri 54 fənn və “İncəsənət və humanitar elmlər”, “Mühəndislik elmləri və texnologiyaları”, “Həyat və tibb elmləri”, “Təbiət elmləri” və “Sosial elmlər və İdarəetmə” daxil olmaqla beş geniş fənn kateqoriyası üzrə tərtib edilir. Onların metodologiyasına akademik nüfuz göstəriciləri, işəgötürənlər arasındakı nüfuz, bir nəşr üçün sitatların sayı və Hirsch təşkilati indeksi, həmçinin geniş mövzu kateqoriyalarında və yüksək intensivlikli elmtutumlu mövzularda mövqelərin hesablanması zamanı beynəlxalq elmi əməkdaşlıq indeksi daxildir.

 

Bundan əlavə, fənn reytinqlərinin, ilk növbədə, diplomla təsdiqlənmiş müəyyən bir ixtisas üzrə keyfiyyətli bilik əldə etmək və gələcəkdə tətbiq etmək imkanlarını nəzərə alaraq ali təhsil müəssisəsini seçən abituriyentlər, tələbələr və onların valideynləri üçün tərtib edildiyini xatırlamaq vacibdir. Buna görə fənn reytinqlərində iştirak etmək üçün ilkin şərt müvafiq fənlər üzrə bakalavr və magistr təhsili proqramlarının olmasıdır.

 

Bu iki ali məktəbin fənn reytinqlərində daha da irəliləməsi və Azərbaycanın digər universitetlərinin də fənn reytinqlərinə daxil olması akademik dairələrdə və  işəgötürənlər  icmalarında  nüfuz və təsirinin möhkəmlənməsindən, habelə nüfuzlu elmi nəşrlərdə iştirakının artmasından və xarici tərəfdaşlarla tədqiqat layihələrində iştirakından asılıdır.

 

Beynəlxalq tanınma bir saatda baş vermir

 

- Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə tanınmasına necə nail olmaq olar?

- Aydındır ki, beynəlxalq tanınma bir saatda  baş vermir. Bu,  elmi və təhsil bazasının yaxşılaşdırılması, təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi, beynəlxalq elmi layihələrə cəlb edilməsi, hədəf ölkələrdə və bölgələrdə informasiya və marketinq təşviqi, xarici mediada və onlayn mühitdə effektiv mövqelərin təmin edilməsi, beynəlmiləlləşmə və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün gündəlik sistemli iş tələb edir.

 

Beynəlxalq aləmdə tanınma və tanınmanın artırılması strategiyaları Azərbaycan üçün prioritet sahələrdə tədqiqat aparan ali təhsil müəssisələri ilə birgə elmi laboratoriyaların yaradılması, xarici tələbələrin axtarışı və cəlb edilməsi tədbirlərində fəal iştirak, ölkənin ali məktəblərində xarici müəllim və alimlərin işinə şərait yaratmaq, ali təhsil məsələləri üzrə əlamətdar konfrans və sammitlərdə, o cümlədən NAFSA, EAIE, APAIE, QS sammitlərində və s. çıxış etmək, ingilis dilində və bir sıra digər fəaliyyətlər də daxil olmaqla universitetlərin rəsmi saytlarının və onların sosial media hesablarının keyfiyyətinin yüksəldilməsini nəzərdə tutur.

 

Alternativ təlim formatları ilə rəqabət  

 

- Hazırda ali təhsil sistemi qarşısında hansı çağırışlar var?

- Bir çox çağırışlar var, amma gəlin onlardan ən aktuallarını ayırd etməyə çalışaq. Birincisi, ən mühüm çağırış elm və təhsilin kadr potensialının artırılması, müəllim və elmi işçi peşəsinin nüfuzunun möhkəmləndirilməsi, elmə diqqətin artırılması və onun populyarlaşmasının təmin edilməsidir.

 

İkincisi, universitetlər müasir texnologiyaların elmi-təhsil prosesinə inteqrasiyası, süni intellekt və maşın öyrənməsi ilə bağlı qabaqcıl texnologiyaların tətbiqi və ənənəvi tədris metodları arasında optimal tarazlıq axtarışı məsələlərində ciddi çağırışlarla üzləşirlər.

 

Üçüncüsü, çağırışlar siyahısında təhsil proqramlarının məzmununun sosial-iqtisadi inkişaf ehtiyaclarına uyğunluğu, növbəti 5-10 il ərzində ayrı-ayrı sahələr və bölgələr üzrə mütəxəssislərə tələb strukturunun proqnozlaşdırılması ayrıca yer tutur.

 

Nəhayət, məşhur aqreqatorların populyar saytlarındakı mikroproqramlar və ya onlayn tədris proqramları kimi alternativ təlim formatları ilə rəqabəti də ciddi çağırış adlandırmaq olar. Uzun müddətdir ki, heç kimə sirr deyil ki, yüksək texnologiyalı sənaye sahələrində fəaliyyət göstərən bəzi şirkətlər mövcud vakansiyalar üzrə namizədlərdən tarix, fəlsəfə, sosiologiya və ya siyasi elmlər üzrə dərin biliyə malik olmalarını gözləmirlər, onlara yalnız dar sahədə yaxşı biliyi təsdiq edən xarici universitetdən verilmiş, məsələn, böyük məlumatların təhlili və emalı, proqramlaşdırma və ya e-ticarət sahəsində sertifikat lazımdır.

 

Hər bir universitet yeni təhsil formatları ilə rəqabət aparmaq və ya onları tələbələr və abituriyentlər üçün təkliflərinin bir hissəsi etmək lazım olub-olmadığına özü qərar verir.

 

“Qlobal rəqabət qabiliyyətinin artırılması getdikcə çətinləşən bir işə çevrilir”

 

- Universitetlər yeni reallıqlar şəraitində uğurlu qalmaq üçün öz fəaliyyətlərini necə qurmalıdırlar?

- Ali təhsil və elmi tədqiqat sahəsində beynəlxalq rəqabət heç vaxt bu qədər kəskin olmamışdır. Bir çox universitetlər öz üstünlüklərini qorumaq və inkişaf etdirmək üçün hər zamankından daha çox mümkün və qeyri-mümkün olan işlər görürlər. Eyni zamanda, bugünkü sürətlə dəyişən mühitdə qlobal rəqabət qabiliyyətinin artırılması getdikcə çətinləşən bir işə çevrilir.

 

Burada Darvinin növlərin ən güclüsü və ya ən ağıllısı deyil, dəyişikliklərə daha yaxşı uyğunlaşan birinin sağ qalması barədə məşhur kəlamını xatırlamaq yerinə düşər. 

 

Bu mənada elmi və təhsil müstəvisindəki dəyişikliklərin, ali təhsil müəssisələrinin fəaliyyətindəki ən yaxşı xarici təcrübələrin davamlı təhlili, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq layihələrində iştirak yolu ilə rəqabət üstünlüklərini qorumaq və inkişaf etdirmək üçün imkanların axtarışı, habelə idarəetmə qruplarının davamlı ixtisas və hazırlıq səviyyəsi gələcək uğurlar üçün etibarlı bir təməl yaradacaq.

 

Oruc MUSTAFAYEV