1700-ə yaxın məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydalarından tutmuş məqsədlərinə qədər hər sahədə dəyişiklik edilir


Müxtəlif beynəlxalq təşkilatlarla birlikdə ölkəmizdəki bağçalar araşdırılıb və  müəyyən edilib ki, məktəbəqədər təhsil müəssisələri təhsil, tərbiyə ocağı yox, uşaqların yatıb-durduğu, bəsləndiyi, bir sözlə, sadəcə qayğılarına qalındığı yerdir. Halbuki bağçalar öyrənmə yeri olmalıdır. Elmi araşdırmalar da göstərır ki, insanın gələcək həyatına erkən yaşlarda təhsilə başlaması ciddi təsir edir. Odur ki, bağçaların təhsil müəssisələrinə çevrilməsi istiqamətində planlı iş başlayıb. Belə ki, 2022-ci ilin birinci rübündən bağçaların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi - təhvil-təslim prosesi başa çatıb. 2021-ci ilin dekabrından başlayan proses Elm və Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev və Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulovanın media nümayəndələri ilə keçirdikləri görüşün əsas mövzusu olub. Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləndən sonra həyata keçirilən tədbirlərlə bağlı məlumat verən E.Əliyev ötən bir il ərzində təmsil etdiyi nazirliyin gördüyü işlərdən danışıb. Onun sözlərinə görə, işə ilkin olaraq bağçaların fəaliyyətinin monitorinqi ilə başlayıblar. Monitorinqlərin nəticəsi olaraq  çatışmazlıqlar da, növbəti inkişaf mərhələsində prioritetlər də müəyyənləşdirilib. Həm qısa müddətli, həm də uzunmüddətli həllər işlənib.

 

Bağçalarda çatışmazlıqlar

 

Qeyd etdiyimiz kimi, ən böyük çatışmazlıq məktəbəqədər təhsil müəssisələrinin öz missiyasına uyğun fəaliyyət göstərmədiyidir. Bağçalarda öyrətmə mühiti, bunun üçün lazım olan resurs yoxdur. Bağçaya ehtiyacı olan regionlar isə lap çoxdur.

 

Bağça yoxluğundan, olan bağçada yer yoxluğundan gələn çoxsaylı müraciətlərdən sonra Nazirlikdə araşdırmalara başlanıb. İlk islahatlardan biri bağçalara qəbulla bağlı olub.

 

Elə ilk gündən qeydiyyat prosesi elektronlaşdırılıb. Artıq bir ildir ki, valideynlər bağçalara addım atmadan öz uşaqlarını ərazi üzrə müvafiq bağçaya yerləşdirirlər. Amma çətinliklər də var. Elektron qeydiyyat sistemi şəffaflıq, ədalətlilik üçün mükəmməl həll yolu olsa da, sıxlıqla mübarizədə çarəsizdir: “Valideynlər bağçaya  getmədən ona uyğun ərazidə fəaliyyət göstərən 3 bağça seçərək yer olan müəssisədə qeydiyyata düşə bilir. Yeri olmayan bağçalarda növbəyə durur və il boyu yaranan yerlərə uşağını yerləşdirmək imkanı əldə edirlər. Ancaq  Bakı, Sumqayıt və Abşeronda elə bağçalar var ki, nəinki yerlər doludur, hətta 300-400 nəfər növbədə yer gözləyir”.

 

E.Əliyevin sözlərinə görə, həyata keçirilən monitorinqlərdə sıxlığın səbəbi araşdırılıb, vəziyyətdən çıxış yolları axtarılıb. Belə ki, 2023-cü ilin birinci rübündə 3 monitorinq aparılıb. Ölkə üzrə 1000-ə yaxın bağçanı əhatə edən həmin monitorinqlərdə bağçalarda uşaqların davamiyyəti yoxlanıb və tutulan yerlərin əslində boş olduğu üzə çıxıb: “Növbədə nə qədər insan yer gözləyir, amma yeri tutanlar bağçaya gəlmirlər”.

 

Odur ki, vəziyyətdən çıxış yolu olaraq hər hansı səbəb göstərmədən bağçaya gətirilməyən uşaqları valideynlərin razılığı ilə uzaqlaşdırmaq planlaşdırılır.

 

Qida təminatında yeni yanaşma

 

Monitorinqlər zamanı davamiyyətlə yanaşı, qidalanmanın standartlara uyğunluğu da araşdırılıb.  Menyuya və verilmiş qida normalarına uyğunluq baxımından yoxlamadan üzüağ çıxmayanlar olub. E.Əliyevin sözlərinə görə, standartların pozulduğu aşkarlanan hallarda müvafiq qanunauyğun addımlar atılıb. 2022-ci ildə 14, 2023-cü ilin ilk rübündə 18 bağça müdiri vəzifəsindən azad edilib.

 

Qida təminatını yaxşılaşdırmaq məqsədilə yeni layihəyə start verildiyini deyən şöbə müdiri Gəncə, Mingəçevir, Bərdədəki bütün və Bakının 3 rayonundakı bağçalardatətbiq edilən pilot yanaşmadan danışıb. Bu yanaşma sayəsində artıq bağçalarda ərzaq əsaslı deyil, yemək əsaslı menyu təqdim edilir: “Bu ilin sonuna qədər pilot layihənin qiymətləndirməsi həyata keçiriləcək. Layihə özünü doğruldarsa, yeni ildən bütün bağçalarda tətbiq ediləcək”.

 

Tərbiyəçi-müəllimlər mütəmadi təlimlərə qatılacaq

 

Bağçalarda müşahidələr, sadəcə yeməklə bağlı deyil, tərbiyəçi-müəllimlərlə bağlı da yeni qərarlar tələb edib. Bağçalarda tərbiyəçinin peşəkarlığının önəminə toxunan  E.Əliyev deyib ki, bununla bağlı iki fəaliyyət icra olunur.

 

Birincisi, tərbiyəçilərin işə qəbulu da mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

İkincisi, hazırda işləyən tərbiyəçi-müəllimlərin təlimləndirilməsinə başlanıb. Ötən ilin payızında 3000 tərbiyəçi-müəllim təlimlərə cəlb edilib. Bu il daha 3000 nəfər təlimləndiriləcək. 2028-ci ilədək tərbiyəçilərin hər biri təlimlənəcək və bu proses daimi olacaq.

 

İcma əsaslı mərkəzlərin təcrübəsi yayılacaq

 

Ölkədə məktəbəqədər təhsil müəssisələrinə olan tələbatı ödəmək üçün icma əsaslı mərkəzlərin təcrübəsindən də istifadə ediləcək. Bu il daha  50 məktəbdə 73 məktəbəqədər qrup təşkil ediləcək. Sektor müdiri İlahə Rəsulovanın sözlərinə görə, indiyədək 840 qrup fəaliyyət göstərir: “Elə yerlər var ki, məktəbəqədər təhsil müəssisələrinə çox böyük ehtiyac var. Bu ehtiyacın olduğu kənd yerlərində icma əsaslı qruplar formalaşacaq. Bu təcrübə məktəblərdə şərait imkan verən yerlərdə də tətbiq ediləcək. 1 məktəbdə 2 növbəli qruplar təşkil ediləcək və bununla bağlı artıq elanlar da verilib. Tərbiyəçi-müəllimlərin seçimi başlanacaq”.

 

İcma əsaslı qrupların sayı 2026-cı ilədək 21 minə çatdırılacaq.

 

Bağçaların köhnə siması yenilənir

 

Görünən odur ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə keçən 1700-ə yaxın məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydalarından tutmuş məqsədlərinə qədər hər sahədə dəyişiklik edilib. Tezliklə bildiyimiz bağçaların köhnə simasından əsər-əlamət qalmayacaq.

 

Ruhiyyə DAŞSALAHLI