Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək, inkişaf edəcək, Azərbaycan uşaqları, gəncləri ilbəil daha geniş yüksək təhsil alacaqlar.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli Lideri

 

Bütün maddi-mənəvi, sosial məfhumları ifadə edən anlayışların mahiyyətində bir nisbilik, şərtilik ehtiva olunması birmənalıdır. Nisbilik nəzəriyyəsi hələ kəşf edilməmişdən əvvəl də insanlar həyat təcrübələrinə istinadən bunun fərqində idilər, lakin onun bəşər tarixinə inqilabi elmi tapıntı kimi daxil olacağını, yəqin ki, heç vaxt düşünməzdilər. Təhsil sistemində, pedaqoji terminologiyada məqamına görə işlənən “müasir”, “müasirlik”, “ənənə”, “ənənəvi”, “bilik”, “savad”, “səmərəli pedaqoji təcrübə”, “dövr”, “zaman” və s. anlayışlar da nisbilik və şərtilik baxımından istisna deyildir.

 

Hansı əsri təmsil etməsindən asılı olmayaraq, müəyyən zaman kəsiyində yaşayıb fəaliyyət göstərən bir insan nəsli üçün həmin dövr, təbii ki, müasirdir və bu dövrün də öz ideologiyası, spesifik ənənələri, inancları, dünyagörüşü formalaşır. İstənilən zaman formatında cəmiyyətin tələbatına və sifarişinə uyğun müəyyənləşən strateji inkişaf hədəfləri, istər-istəməz, həmin vaxt təhsilə, təhsillənməyə, maariflənməyə ehtiyacı da meydana çıxaran indikator rolunu oynayıb. Təhsil sahəsi üzrə ənənələr də dövrünə görə bu ehtiyacların ödənilməsi, reallaşdırılması prosesində yaranıb, cəmiyyətin sosial-mənəvi, mədəni dəyərlərini əks etdirib. Zaman keçdikcə köhnəliklə yeniliyin təcəssümü olan təhsil ənənələrinin mübarizəsi nəticə etibarı ilə təhsil sisteminin inkişafını şərtləndirən amillərdən birinə çevrilib. Hərçənd ki, təhsilimizin tərəqqisinə, dünya təcrübəsi əsasında qarşılıqlı zənginləşməsinə əngəllər törədən mənfi təmayüllü ənənələr də mövcud olmuşdur. Bununla belə, Azərbaycan təhsili ötən əsrin 20-ci illərindən başlayaraq 70 il ərzində kommunist ideologiyasının məngənəsində olsa da, ölkəmizin ümumi təhsilində qədim xalq pedaqogikasından, maarifçilik hərəkatlarından, milli xüsusiyyətlərimizdən qaynaqlanan və əsasən də insanın mənəvi dünyasının formalaşmasına yönəlmiş təlim-tərbiyə ənənələri bütün məqamlarda özünün saflığını və yüksək dəyərini bu günədək qoruyub saxlamış və getdikcə daha da möhkəmlənməkdədir.

 

İnkişaf etmiş dünya dövlətlərinin timsalında da açıq-aydın görünür ki, təhsil sisteminin tərəqqi yolunu tutması, özəllikləri ilə seçilməsi, beynəlxalq təcrübənin öyrənilməsinə, qarşılıqlı zənginləşməyə giriş hüququ qazanması ölkənin milli müstəqilliyi ilə birbaşa bağlıdır. Vaxtilə iki qərinədən artıq bir müddətdə Azərbaycanda bütün təhsil fəaliyyətlərinin  mərkəzin ideologiyası, siyasi-sosial sifarişi əsasında həyata keçirildiyi, tədris proqramları və dərsliklərin böyük əksəriyyətinin də mərkəzləşdirilmiş qaydada hazırlanması, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” fənlərinin tədrisinin qarşısına sanki sipər çəkilməsi, insanları milli zəmindən, soykökündən uzaqlaşdıran ümumiləşdirilmiş “sovet vətəndaşı” məfhumunun yaradılması bu gün yaxın keçmişin hamıya məlum olan real faktlarıdır. Düşündürücülükdən çox hafizəyə əsaslanan əzbərçilik, şagirdyönümlülük və şəxsiyyətyönümlülükdən çox fənyönümlülük, müstəqillik və azadfikirliliyə qarşı dözümsüzlük, yaradıcılıq və təşəbbüskarlıq meyillərinin lazımınca qiymətləndirilməməsi, şagirdlərə təhsil prosesinin bərabərhüquqlu üzvü kimi deyil, “obyekt” kimi yanaşılması, ateist ideyaların təbliği və s. sovet təhsil sistemində kök salmış ənənələr idi.

 

Bütün bunlara baxmayaraq, o dövrdəki “basqılı” siyasətə rəğmən, Ulu Öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan dilinin qorunması və cəmiyyətdə statusunun yüksəldilməsi, dövlət dili səviyyəsində saxlanılması, xalqın tarixi qədimliyinin, varlığının, millətin ruhunun təcəssümü olan mənəvi dəyərlərimizin, inanclarımız və adət-ənənələrimizin yaşadılması, milli təfəkkürə və təəssübkeşliyə malik müəllim, alim, mütəxəssis heyətinin mövcudluğu müstəqillik illərində təhsillə bağlı novator çağırışların, islahatyönlü ideyaların, pedaqoji innovasiyaların dəstəklənməsi və həyata keçirilməsində, yeni mütərəqqi təhsil ənənələrinin təşəkkülündə hərəkətverici qüvvəyə çevrildi.

 

Hazırda dövlət müstəqilliyimizin ideoloji təsiri ilə təhsil leksikonumuza daxil olmuş “yeni pedaqoji təfəkkür” anlayışı pedaqoji-psixoloji tədqiqatlarda geniş işlənməkdədir və artıq müasir dövrün təhsil ənənəsinin rəmzinə çevrilmişdir. Əlbəttə, təhsildə müasirlik təkcə zamanla deyil, zamanın nəbzini tutan dünyagörüşlə, təfəkkür tərzi ilə, yeniliklərə münasibətlə ölçülür ki, bütün bunlar da “yeni pedaqoji təfəkkür” müstəvisində meydana çıxır. Təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, demokratikləşdirilməsi ideyalarının təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri olaraq təsbit edilməsi; ümumi təhsilin məzmununun dövlət standartları üzrə nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik kimi didaktik prinsplər zəminində müəyyənləşdirilməsi, “Kurikulum” təhsil formatının ərsəyə gətirilməsi; bütövlükdə ümumi təhsilin, habelə tədris fənlərinin məqsəd və vəzifələrinə, şagird nailiyyətlərinin qiymətləndirilməsi siyasətinə qarşı yeni baxış və yanaşmaların təşəkkülü; “müəllim-şagird”, “məktəb-valideyn” əlaqələrinin pedaqoji-psixoloji cəhətdən əsaslandırılmış əməkdaşlığa çevrilməsi məhz yeni pedaqoji təfəkkürün təzahürüdür.

 

Bununla belə, “yeni pedaqoji təfəkkür” ifadəsini bir müasir təhsil anlayışı kimi hazırda işlətməyimizə baxmayaraq, əvvəlki dövrlərin dəyərləri olan əlifba islahatları, dünyəvi məktəblərin yaradılması, təhsilin icbariliyi, savadsızlığın ləğvi istiqamətində aparılan kampaniyalar, pedaqoji mətbuatın yaranması, pulsuz dərslik siyasəti, istedadlı uşaqlar üçün xüsusi məktəblərin açılması, xaricdə təhsil və sair bu kimi önəmli fəaliyyətlər elə yenilikçi, yaradıcı pedaqoji təfəkkürün, düşüncənin ifadəsi olaraq qiymətləndirilməlidir.

 

Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin çox ibrətamiz və məşhur bir şeirində deyilir ki:

 

Vaxtın dəyirmanında daş əridi qum oldu

Tarixə atdığımız qayıtdı lüzum oldu.

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı dünya fırlanır.

 

Bu məntiqlə yanaşsaq, dünən ənənəvi sayılan bu gün müasir səslənə, yaxud əksinə, müasir hesab etdiyimiz uğursuz cəhd hesab oluna bilər. Fikrimizcə, “tarixə atdığımız”, lakin dirçəldilməsi “lüzum” olan ənənələrdən biri ümumtəhsil məktəb şagirdlərinin təşkilatlanması ilə bağlıdır. Əvvəlki dövrdə yaş həddi nəzərə alınmaqla şagirdlərin müxtəlif uşaq təşkilatlarında üzvlük səviyyəsində təmsil olunması onlarda məsuliyyət hissinin, qarşılıqlı etimadın, prinsipial mövqeyin, birgə fəaliyyət və sadə idarəetmə bacarıqlarının formalaşmasında hansı səviyyədə əhəmiyyət kəsb etməsini, zənnimcə, sübuta yetirməyə ehtiyac yoxdur. Qabaqcıl müəllimlərin və məktəb rəhbərlərinin bir-birindən fərqli faydalı iş təcrübəsinin öyrənilib müxtəlif səviyyələrdə müzakirə edilməsi və yayılması; ustad dərslərinin, maarifləndirici tədbirlərin, təcrübə mübadilələrinin təşkili; yaradıcı təfəkkürün, dil qaydaları və dil materiallarından səmərəli istifadə səriştəliliyinin, fərdi üslub manerası və bütövlükdə rabitəli nitq mədəniyyətinin formalaşmasında müstəsna rola malik yazı növlərinin (imla, ifadə, inşa, esse və s.) tədris prosesində geniş və məqsədyönlü tətbiqi; habelə islami dəyərlərin dünyagörüşə çevrilməsinin təmin edilməsi; eləcə də proqram materiallarının çoxluğu və ağırlığı da, fikrimcə, düşünməli məsələlər sırasına daxildir.

 

Təhsil sahəsində ənənələrdən danışdığımız zaman etiraf etməliyik ki, bəşər cəmiyyətində uzun əsrlərdən bəri dəyişilməz qalan xoşməramlı ənənə elə bilavasitə inkişafın lokomotivi sayılan, insanların sosiallaşmasını, elmi-mədəni intellektual səviyyəsinin, milli-mənəvi dünyagörüşlərinin formalaşmasını təmin edən təhsildir və məhz təhsil vasitəsilə savad və biliklər aləminə, dəyərlər dünyasına qovuşa bilirik. Aydın məsələdir ki, hər cür bilik mütaliənin, təcrübənin, müşahidələrin, eksperimentlərin nəticəsinin məhsuludur. Məşhurlar biliyi “ağlın aynası”, “daşıyıcısı və meyarı insan olan dəyər” adlandırmışlar. Lakin o da nəzərə alınmalıdır ki, “biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir”. L.N.Tolstoyun təbirincə desək, “Çox şey bilən ən lazımi şeyləri bilməyə bilər”.

 

Müxtəlif informasiyalar bolluğu ilə şərtlənən müasir dünyamızda bu məlumatlardan istifadə və onların idarə olunması mühüm problemlərdən birinə çevrilmişdir. Xüsusilə də, ümumtəhsil məktəb şagirdlərinin bu güclü məlumat axını şəraitində düzgün istiqamətləndirilməsi, diqqətlərinin təhsildən yayınmaması üçün pedaqoji təsir imkanlarından məqsədyönlü istifadə olunması mühüm vəzifələrdən hesab olunur. İnformasiya yayımı ilə məşğul olan saytların və digər mənbələrin, habelə əyləncə məkanlarının, heç bir ictimai-mənəvi dəyər aşılamayan məzmunsuz, şou xarakterli televiziya verilişlərinin sayının gündən-günə artdığı bir vaxtda məktəblərimizdə təlim-tərbiyə ilə bağlı təşkilati işlərin, müəllim və məktəb rəhbərlərinin fəaliyyətinin yenidən qurulmasına necə böyük ehtiyac yarandığını təsəvvür etmək o qədər də çətin deyildir. Çünki hər bir dövr özü ilə yeniliklər, uğurlar, kəşflərlə yanaşı, həm də problemli məqamlar, çətinliklər gətirir ki, bunların da ağırlıq yükü daha çox uşaq və gənclərlə iş prosesində özünü büruzə verir. Etiraf etmək lazımdır ki, dövr dəyişəndə “qəbulolunmaz” məsələlərlə bağlı məktəblər öz fəaliyyətlərində buna uyğun zəruri korrektələr etməzlərsə, problemlərin dərinləşməsi labüddür. “Bizim vaxtımızda belə deyildi” deməklə, təbii ki, iş aşmaz, fərqli mədəniyyətlərlə tanışlıq imkanı olan, demokratik ideyaların təbliğ edildiyi dövrdə yaşayan bugünün gənclərinin arzu və istəklərinin həssaslıqla qarşılanması, fərd olaraq psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onlarla münasibətin yalnız qarşılıqlı inam və etimad, əməkdaşlıq əsasında qurulması yolu ilə müsbət nəticələrə nail olmaq mümkündür. Bununla da, əslində, uşaqarla iş metodikası və idarəetmə texnologiyası sahəsində yeni, müasir təhsil ənənəsinin təməlini daha da möhkəmləndirmiş olarıq.

 

Bir sıra hallarda “şagirdlərin məktəbə marağı azalıb”, “uşaqlar oxumaq istəmir” kimi müəllim və məktəb rəhbərləri tərəfindən səslənən fikirlərin şahidi oluruq. Belə məqamlarda bu cür düşünənlərə qarşı əks-sual yaranır: Həmin halların yaranma səbəbləri barədə düşünmüsünüzmü? Məktəb həyatının, təlim-tərbiyə prosesinin hamı üçün əlçatan, cəzbedici olması üçün nə kimi yeni metodikalar və idarəetmə formaları, uşaqların təhsil həyatını motivləşdirən məktəbdaxili layihələr, müsabiqələr, mənəvi məsələlər ətrafında diskussiyalar, kitab müzakirələri, görüşlər, öyrədici, tərbiyəedici ekskursiyalar və digər təsir gücünə malik tədbirlər həyata keçirilmiş, habelə şagirdlərin diaqnostik qiymətləndirilməsi yolu ilə onların potensial təhsil imkanları, arzu və istəkləri, meyil-maraqları öyrənilib nəticələri pedaqoji-psixoloji aspektdə valideynlərlə birgə təhlil olunaraq hansı zəruri təkliflər hazırlanmışdır?!

 

Hamımız yaxşı bilirik ki, məktəb təkcə fənlərin tədris edildiyi, uşaqların bu fənlərdən bilik səviyyəsinə görə qiymətləndirildiyi məkan deyildir, hər şeydən əvvəl,  həm də dövrə, zamana uyğun dünyagörüşün, milli-mənəvi dəyərlərin, ictimai münasibətlərin formalaşmağa başladığı istinadgahdır. Ulu rəhbərimiz Heydər Əliyevin ümumi təhsil sisteminin fəlsəfəsini incələyən bu seçilmiş fikirləri bütövlükdə qeydsiz-şərtsiz müasir məktəb fəaliyyətində yeni ənənələrin formalamasına yönəlmiş konseptual istiqaməti zərgər dəqiqliyi ilə ifadə edir: “Sabahkı gün yeni tələblər irəli sürəcəyi üçün məktəb uşaq və gənclərdə nəinki zamanla ayaqlaşmaq, hətta zamanı bir qədər qabaqlamaq, həqiqəti axtarıb ona nail olmaq, müstəqil işləmək (öyrənmək), yenilikləri mənimsəmək, yaradıcılıqla düşünmək bacarıqları, tədqiqat məharəti, yüksək mənəviyyat, milli ruh aşılamadır”. Heç şübhəsiz, birmənalı qəbul etməliyik ki, ölkəmizin müasir məktəb fəaliyyəti konsepsiyasının, ümumi təhsildə gözlənilən yeni təhsil ənənələrinin, bugünkü dövrümüz üçün yeni pedaqoji təfəkkürün əsasını məhz həmin tərəqqiyönlü müddəalar təşkil edir.

 

Dünyəvi təhsil məktəbləri yarandığı vaxtdan bəri pedaqoji sahədə çalışan mütəxəssisləri fənlərin məzmunu ilə bağlı bir sual daim düşündürmüş və bu gün də aktuallığını saxlamaqdadır: “Nələr, hansı həcmdə və necə öyrədilməlidir?!”. Əlbəttə, sadə səslənsə də, əslində, uşaqların keyfiyyətli təhsilinin taleyi bu suala optimal cavabın tapılmasından asılıdır.

 

Şübhəsiz, fənlər üzrə məzmunun mütəxəssis qruplarının şəxsi rəyi və münasibətləri zəminində tərtib edilməsi dövrü ilə müqayisədə ölkəmizdə məzmun siyasətinin fərdin, cəmiyyətin və dövlətin maraqlarını ifadə edən təhsil standartlarına uyğun qurulması biliklərdən bacarığa, bacarıqlardan səriştəyə və nəticə etibarı ilə şəxsiyyətyönümlü dəyərlər kompleksinə aparan təhsil proqramlarının (kurikulumların) hazırlanması ənənəsinin əsasına çevrilmiş və illər ötdükcə zamanın, dövrün inkişaf tendensiyalarına uyğun surətdə davamlı təkmilləşməsi dönməz xarakter almışdır.

 

Təbii ki, məzmun standartlarının təkmilləşməsi təlim yükünün ağırlaşdırılması mənasında deyil, əksinə, dövrün tələbatları nəzərə alınmaqla əsas diqqətin ən zəruri bilik və səriştələrin ehtiva olunmasına, lüzumsuz məsələlərin aradan qaldırılmasına yönəldilməsi kimi başa düşülməlidir. Hazırda qüvvədə olan məzmun standartları əsasında yazılan bir sıra dərsliklərdə müvafiq standartın (standartların) tələbindən kənara çıxma halları müşahidə edilir ki, bu da həmin dərsliklərin yüklənməsinə, həcminin lüzumsuz artmasına, eləcə də bu genişlikdə materialı öyrənmək məcburiyyətində qaldıqları üçün şagirdlərin ciddi narazılığına, fənnə maraqlarının azalmasına gətirib çıxarır. Halbuki bizim məqsədimiz ondan ibarət olmalıdır ki, məşhur pedaqoq Y.A.Komenskinin sözləri ilə desək, “öyrədənlər az öyrətsinlər, öyrənənlər çox öyrənsinlər”. Bu məntiqlə yanaşsaq, məktəblərimizdə şagirdlərin müstəqil biliklənmə və məlumatlanma, sərbəst surətdə bildiklərindən daha artıq öyrənmə bacarıqları və səriştələrinin inkişaf etdirilməsi, başqa sözlə, onlara “öyrənməyi öyrətmək”müasir dövrün ən mütərəqqi təhsil ənənəsinin təzahürüdür. Necə deyərlər, “bilikləri şagirdlərə yox, şagirdləri biliklərə çatdırmalıyıq”. Yəni, əsl müəllim, pedaqoq bir bələdçi kimi biliklərin ünvanını şagirdlərə bildirməli, lakin onların “kəşf” olunmasını öz ixtiyarlarına buraxmalı, əsasən, istiqamətverici və nəzarət funksiyasını yerinə yetirməlidir. XXI əsrin təhsil siyasətinin əsasında məhz bu müddəa dayanır desək, səhv etmərik.

 

Fikrimizcə, müəyyən anlaşılmazlıqlar istisna olunmadığı üçün gələcəkdə fənlər üzrə məzmun standartlarının təkmilləşdirilməsi və müasirləşdirilməsi prosesində onların hər birinin mahiyyəti, fənnin məzmununa daxil edilməsinin zəruriliyi, onun vasitəsilə şagirdlərə hansı vacib biliklərin mənimsədilməsinin və nə kimi bacarıq və səriştələrin formalaşdırılmasının nəzərdə tutulması, habelə, bunların əsasında dərslik müəlliflərinə (əslində, tərtibçilərinə) ünvanlanan müvafiq metodik tövsiyələr lakonik surətdə şərh olunmalıdır.

 

Məzmun standartlarının mahiyyətinin və əhəmiyyətinin müəllim tərəfindən dərindən dərk olunması və onlara yaradıcı yanaşması təlimin uğurlu nəticələnməsində mühüm rol oynayır. Metodik göstərişlər öz yerində, ancaq müəllimin fərdi yanaşma tərzi vacib amil kimi meydana çıxır. Bu prosesdə müəllim üçün əsas məsələ standartlarda təsbit olunmuş təlim yükünün həcmi ilə şagirdlərindən hər birinin potensial qavrama imkanları arasındakı nisbəti, fərqi dəqiq müəyyənləşdirməkdən və mənimsəməni təmin etmək üçün səmərəli yanaşma texnologiyası, təlim üsulları seçməkdən ibarətdir. Təbii ki, hər hansı fənn üzrə standartları bütün şagirdlər eyni səviyyədə mənimsəmək imkanına malik deyillər. Lakin onların hər birində işıqlı, ümidverən cəhətləri görmək və qiymətləndirmək, öz potensial imkanlarına inam hissi oyatmaq ən böyük pedaqoji ustalıq hesab olunur. Dahi alim A.Eynşteynin belə bir müdrik fikri var ki, “Müəllimin əsas məharəti biliklərin və yaradıcı əməyin dərk olunmasının əhəmiyyətinin sevincini şagirdlərinə yaşatmaqdır”.

 

Müasir dərs, müasir dərsi şərtləndirən tələblər haqqında həm əvvəllər, həm də bu gün eyni qayğı ilə danışılır, spesifik xüsusiyyətləri müzakirə edilir. Zənnimcə, bu barədə bir qədər fərqli fikir də yürütmək olar. Yəni, ilk növbədə, təhsil ictimaiyyətini, mütəxəssisləri dövlət təhsil standartlarının dövrə, zamana görə müasir tələbləri ödəyib-ödəməməsi düşündürməlidir. Dərsləri müasir və ya qeyri-müasir anlamda təsnif etmək nə dərəcədə realdır? Dərs haqqında mülahizə yürüdərkən isə belə bir suala cavab axtarmaq daha münasibdir: Hansı dərsi “Dərs” adlandırmaq olar?! Əlbəttə, bəzəksiz-düzəksiz desək, nə kimi təlim texnologiyalarının tətbiqindən asılı olmayaraq, qarşıya qoyulmuş məqsədin reallaşdırılmasını, nəzərdə tutulan öyrədici, tərbiyəedici, inkişafetdirici hədəflərə nail olunmasını, şagirdlərin marağını və fəallığını, ədalətli qiymətləndirməni təmin edən dərs, əsl mənada dərs hesab edilir. Bu əlamətlər yoxdursa, demək, dərsdən danışmağa dəyməz. Nümunəvi və ustad dərslərinin xarakteri isə, təbii ki, müəyyən qədər fərqlidir. Belə dərslərdə müəllimin zəngin təcrübəsini, pedaqoji kamilliyini sübuta yetirən məqamlar - yeni üsul, metod və vasitələrin tətbiqi, fərqli dərs formasından istifadə, şagirdlərə fərdi yanaşma tərzi və s. öz əksini tapır.

 

Bununla belə, həmçinin etiraf olunmalıdır ki, uşaqların hazırkı dövrün diktə etdiyi tələblər əsasında formalaşması və sosiallaşması, zəruri nəzəri biliklərə yiyələnməsi, həyati səriştələr qazanması, milli-mənəvi dəyərlər zəminində tərbiyə alması, cəmiyyətin rəqabətədavamlı üzvünə çevrilməsi, heç şübhəsiz, təhsil aldıqları məktəbin fəaliyyətinin müasir tələblər və yeni ənənələr ruhunda hansı səviyyədə qurulmasından birbaşa asılıdır. Sağlam bədəndə sağlam ruh olduğu kimi, sağlam mənəvi-psixoloji iqlimə malik məktəbdə də sağlam təhsil olur. Bu missiyanı yerinə yetirə biləcək orta statistik ümumtəhsil məktəbini, əsasən, aşağıdakı cəhətləri ilə fərqləndirmək mümkündür:

 

  • * məktəbdə normal və təhlükəsiz təhsil şəraiti, ixtisaslar üzrə səriştəli pedaqoji kadr heyəti, ehtiyacları ödəyəcək maddi-tədris baza, İKT avadanlığı, internet xidməti mövcuddur;
  • * bütövlükdə pedaqoji kollektiv və texniki-yardımçı heyət, valideyn birlikləri vahid məqsədə xidmət edən komanda ruhunda birləşmişdir;
  • * məktəb yeniliklərə açıqdır, faydalı pedaqoji ideyaların öyrənilib şəraitə uyğun tətbiqində maraqlıdır, təşəbbüskar və yaradıcı fəaliyyət dəstəklənir və qiymətləndirilir;
  • * məktəbdə qarşılıqlı hesabatlığa, məsuliyyət bölgüsünə və fəaliyyətin monitorinqinə əsaslanan kollegial idarəetmə sistemi yaradılmışdır, ümumi təhsil sahəsi üzrə aktual məsələlərin, qarşıya qoyulmuş vəzifələrin kollektivə çatdırılmasında, təlim-tərbiyə işlərinin məqsədyönlü planlaşdırılması, təşkili və keyfiyyəti baxımından mövcud vəziyyətin təhlil olunub qiymətləndirilməsi və zəruri təkliflərin hazırlanmasında ali idarəetmə orqanı kimi Pedaqoji Şuranın imkanlarından səmərəli istifadə edilir;
  • * bütövlükdə təhsil prosesinin - müəllimlərin fəaliyyətinin, ibtidai, ümumi orta, tam orta təhsil səviyyələrində seçmə yolla fənlərin tədrisi vəziyyətinin, xüsusilə, ibtidai siniflərdə şagirdlərin oxu, yazı, hesablama vərdişlərinin formalaşma səviyyəsinin öyrənilib obyektiv qiymətləndirilməsi sayəsində alınan nəticələr keyfiyyətin idarə olunmasında əsas indikatorlar kimi nəzərə alınır və bunlara uyğun perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilir;
  • * məktəb psixoloqu, sinif rəhbərləri, müəllimlər arasında işgüzar əlaqə mövcuddur və birgə fəaliyyət nəticəsində şagirdlərlə psixoloji müşahidələr, diaqnostik qiymətləndirmələr aparılır, meyil və maraqlarına görə onların diferensiasiyası həyata keçirilir, nəticələr ümumiləşdirilir, təhlil olunur və yekunları barədə valideynlərin də məlumatlandırılması təmin edilir;
  • * şagirdlərin müstəqil olaraq əlavə bilik və məlumatlar əldə etmək, ilkin tədqiqatçılıq meyillərini stimullaşdırmaq məqsədilə onların milli tariximizin əlamətdar hadisələri, görkəmli şəxsiyyətlər, Qarabağ müharibəsi qəhrəmanları, milli-mənəvi dəyərlər, ölkəmizin (yaşadıqları rayon, şəhər, yaxud qəsəbə və kəndin) flora-faunasının özəllikləri, mədəni abidələri və s. mövzularda təqdimatları təşkil edilir və rəğbətləndirilir;
  • * şagirdlərin təhsildən yayınması hallarının qarşısı alınmışdır, “uşağın təlimdə müvəffəqiyyətsizliyə uğraması” fikri müəllimin vəzifəsi və statusu ilə bir araya sığmadığı üçün şagirdin (şagirdlərin) təkrar olaraq eyni sinifdə saxlanması pedaqoji etikaya zidd hərəkət kimi qiymətləndirilir, ibtidai siniflərdə ev tapşırığı verilməsindən imtina edilir və s.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesində müasir çağırışlara cavab verən təkmil təhsil modellərinin, yeni inkişafyönlü ənənələrin yaranması heç də istisna deyildir. Bugünümüzün reallığı isə ondan ibarətdir ki, Azərbaycan təhsili, o cümlədən də ümumi təhsilimiz mütərəqqi təhsil ənənələri, müasir ideyalar, pedaqoji yeniliklərlə qarşılıqlı təmas şəraitində inkişaf edir və beynəlxalq aləmdə qabaqcıl təhsil sistemlərinə inteqrasiya meyillərini getdikcə gücləndirir.

 

P.S.   Neçə il əvvəl belə bir təkliflə çıxış etmişdik ki, meyil, maraq dairəsi, potensial imkanları, təfəkkürlərinin humanitar, yaxud texniki istiqamətdə formalaşması nəzərə alınaraq, keyfiyyətli təhsil almaq imkanlarını daha da gücləndirmək məqsədilə əlverişli şərait və maddi-tədris baza olan məktəblərdə müvafiq tədris planları və proqramlar tətbiq edilməklə ibtidai təhsildən sonra şagirdlərin ayrı-ayrı V siniflərdə komplektləşdirilməsi ideyasının layihə olaraq sınaqdan keçirilməsinin mümkünlüyü müzakirəyə çıxarılsın və obyektiv rəy bildirilsin. Belə düşünürük ki, bununla da faydalı bir ənənənin əsasını qoymuş olarıq. Bu barədə hörmətli həmkarlarımızın, maraqlı tərəflərin fikrini önəmli hesab edirik.

 

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim