Avstriya Elmlər Akademiyasının tarixçi alimi Qriqori Kessel ultrabənövşəyi şüalanma yolu ilə VI əsrə aid çoxqatlı əlyazmanın silinmiş yazılarını oxuya bilib.

 

Xarici KİV-lər xəbər verir ki, təqribən 1300 il bundan əvvəl Fələstində bir katib Yevangeliya kitabının Suriya mətnini götürüb və onu silib. Həmin dövrdə perqament bahalı olub və onun üzərində yeni mətnlər yazmaq üçün çox vaxt əlyazmaları silirdilər.

 

İndi Avstriya Elmlər Akademiyasının orta əsrlər üzrə mütəxəssisi bu çoxqatlı əlyazmanın üzərindəki yox olmuş yazını bərpa edib. Tarixçi Yevangeliyanın Suriya dilinə tərcümə olunmuş ən erkən variantını aşkar edib. Bu tərcümənin mətni III əsrə aiddir və VI əsrdə onun surəti yazılıb. Tapılan ən qədim fraqmentlərdən biri sübut edir ki, bu mətn qədim Suriya versiyasıdır.

 

Azərtac